BAKI, 5 mart — Sputnik. Bu gün səhərdən etibarən ABŞ-da şiddətli iğtişaşlar meydana çıxıb. Sputnik Azərbaycan Amerika mətbuatına istinadən xəbər verir ki, dünən ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Donald Trampa qarşı etiraz aksiyası keçiriblər. Və Trampın tərəfdarları buna qarşılıq olaraq, bu gün ABŞ-ın 30 ştatında yürüş keçiriblər.
"Tramp üçün" adlı aksiya, Vaşinqton, Nyu-York, Miçiqan və Florida kimi böyük ştatlarda nisbətən dinc şəkildə keçirilsə də, bəzi bölgələrdə güclü qarşıdurma meydana çıxıb. Məsələn, Kaliforniya ştatının Berkley şəhərində Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma yaşanıb.
Əlbəyaxa davaya çıxan qruplar bir-birilərinə qarşı molotov kokteyli və bibər qazından da istifadə ediblər. Polis uzun müddət qarşıdurmanı kənardan müşahidə etsə də, sonunda prosesə müdaxilə edib. Xeyli sayda insanın xəsarət aldığı qarşıdurma zamanı 15 nəfər saxlanılıb.
Minnesota ştatında da ciddi qarşıdurma baş verib. 300 nəfərə yaxın Tramp tərəfdarı ilə 50 nəfərlik əleyhdar arasında şiddətli toqquşma yaşanıb. Xəsarət alanlar xəstəxanalara, 6 nəfər isə polis nəzarətinə götürülüb.
Bundan əlavə, Vaşinqtondakı aksiyada yaşanan narahatlıq səbəbindən 4, Tennesi şəhərindəki qarşıdurma ilə bağlı 2 nəfər həbs edilib. Bununla da sakitləşməyən Tramp tərəfdarları, Nyu-Yorkdakı "Tramp Tover"ın qarşısına toplaşaraq, prezidentə dəstək nümayiş etdiriblər.