BAKI, 5 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
Daha sonra İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Prezidentlər birgə foto çəkdirdilər.
İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
İran Prezidenti Həsən Ruhani görüşdə deyib: "Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox "Xoş gəlmisiniz" deyirəm. Sizi görməyə çox şadam. Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq".
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: "Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxmışdır. Bir çox önəmli məsələlər öz həllini tapmışdır və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir".
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzaladılar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu"nu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzaladılar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.