"Eşitdiklərim, oxuduqlarım və gördüklərim"

© Sputnik / Valeriya Shustova / Mediabanka keçidВид на город Баку
Вид на город Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Manaf Süleymanov köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın müəllifidir

BAKI, 3 mart — Sputnik. Yazıçı, nasir, tərcüməçi Manaf Süleymanov 1912-ci il martın 3-də İsmayıllının Lahıc kəndində anadan olub. 

Süleymanov köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.

Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, kəşfiyyatçı-dağ mühəndisi adını alıb.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub.

Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışaraq qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edib. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılıb. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb-yaradıb. Onun əsərlərinin ilk əlyazmaları doğma Azərbaycan dilində olsa da, lakin ərəb əlifbasındadır. M. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.

Xəbər lenti
0