BAKI, 3 mart — Sputnik. "İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub". Sputnik Azərbaycan-ın "Trend"ə istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.
M.Quliyev qeyd edib ki, əldə olunan məlumatlara görə, terror təşkilatlarına qoşulanların çoxu öldürülüb: "Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".
M.Quliyev deyib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşularaq beynəlxalq terrorizmlə mübarizəyə töhfəsini verir. O, bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir: "Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ekstremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır".
DTX rəisi bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir: "Bununla belə, respublikamız nəinki Cənubi Qafqazın, hətta Avropanın ən sabit ölkələrindən biridir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində mümkün olub. Bu gün məhz Ulu Öndərin qoyduğu siyasi xətt müasir dövrün tələbləri nəzərə alınmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş statusunu qazanıb".