BAKI, 2 mart — Sputnik. Etiraf edək ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması adi haldır. Həm piyadalar, həm də sürücülər tez-tez və ən kobud şəkildə qaydaları pozurlar.
Azərbaycanda ən çox pozulan yol hərəkəti qaydalarından biri də sürücülərin ötmə əməliyyatını düzgün həyata keçirməməsi və hətta qoşa xətti kəsərək ötmə əməliyyatı etməyə çalışmasıdır. Maraqlıdır ki, qonşu ölkələrdə (məsələn, Rusiyada — red.) qoşa xəttin kəsilməsi ən kobud qayda pozuntularından sayılsa da, Azərbaycanda yollardakı qoşa xəttlərin üzərindəki təkər izləri bu qaydaya riayətin hansı dərəcədə olduğunu göstərir. Eyni zamanda, onu da etiraf etməliyik ki, bəzi sürücülərimizin ötmə əməliyyatı haqqında qaydalardan ümumiyyətlə xəbərləri yoxdur.
Bu günlərdə Sputnik Azərbaycan-a müraciət edən bir vətəndaş üzləşdiyi hadisədən şikayət edib. O yazır ki, qırıq xətli magistral yolda sağ zolaqla hərəkət edərkən, qarşıdakı yük maşınını ötməyə çalışıb: "Yük maşınının qabariti qarşını görməyimə mane olurdu. Amma yolda qırıq xətt vardı və mən ötmə əməliyyatı edə bilərdim. Və ötmə əməliyyatına başladım. Yük maşınını keçər-keçməz qırıq xətt bütöv xətlə əvəz olundu. Təbii ki, xətlərin kəsişmə nöqtəsində DYP avtomobili dayanmışdı. O da mənə cərimə yazdı".
Məsələni Sputnik Azərbaycan-a şərh edən nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, sürücülər ötmə əməliyyatı edərkən, yola fikir verməli, bunun üçün əlverişli şəraitin olub-olmamasına diqqət yetirməlidirlər: "Sürücülər qarşıdan gələn avtomobillərin, qırıq xəttin vəziyyətinə baxıb ötmə əməliyyatı etməlidirlər. Bəzən olur ki, sürücü qırıq xətlə ötmə əməliyyatını yerinə yetirir, öz yoluna qayıtmaq istədiyi zaman isə bütöv xətt qaydasını pozmuş olur".
Allahverənov bildirir ki, əslində bu, kobud qayda pozuntusudur: "Hər bir sürücü ötmə əməliyyatı edərkən qırıq xətti, ötmə əməliyyatı etdiyi məsafəni, qarşıdan gələn avtomobili və idarə etdiyi avtomobilin sürətini nəzərə almalıdır. Bəzən olur ki, ötmə əməliyyatını həyata keçirən zaman ötmək istədiyimiz avtomobil də sürətini artıraraq, bizi qaydanı pozmağa məcbur edir. Bu halda ötmək istədiyiniz avtomobilin sizin ötmə əməliyyatı etməyinizə mane olduğunu sübut edə bilsəniz, o zaman məsuliyyəti o avtomobilin sürücü daşımış olur".
Ancaq hər bir halda ötmə əməliyyatını edərkən qırıq xətdən düz xəttə keçid olursa, bu, qanun pozuntusudur: "Bu barədə "Yol Hərəkəti haqqında" qanunda da qeyd edilir. Siz əmin olduqdan sonra ötmə əməliyyatı etməlisiniz. Əgər şübhəniz varsa, qarşıda gedən avtomobilin sizə yol verəcəyinə şübhə edirsinizsə, ötmə əməliyyatı etməməlisiniz. Siz qabarit işıqları yandırıb, ötmə əməliyyatı edəcəyiniz barədə xəbərdarlıq edirsinizsə və o sizə şərait yaradırsa, deməli, avtomobil sizə problem yaratmayacaq".
"Qırıq xəttlə bağlı qanun pozuntusu edilirsə, bu, araşdırılmalıdır. Əgər siz qanun pozuntusu etmədiyinizi düşünürsünüzsə, o zaman sizin haqqınızda yazılan protokolu imzalamayın və düz olduğunu sübut edin. Protokol elektron şəkildə tərtib edilsə belə, 10 gün müddətində etiraz edə bilərsiniz" — deyə ekspert qeyd edir.
"Qanunda qeyd edilir ki, sürücü ötmə əməliyyatı etməmişdən əvvəl eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsinin onu ötməyə başlamadığına əmin olmalıdır. Daha sonra özündən əvvəlki avtomobilə nəzər yetirməlidir ki, görsün öndəki avtomobil ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal verir, yoxsa yox. Bundan sonra qarşıdan gələn və bu zolaqla gedən nəqliyyat vasitələri üçün təhlükə və maneə yaratmamalıdır. Çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olduğuna iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalıdır. Yəni sürücü ötmə əməliyyatı edərkən çox diqqətli davranmalıdır. Yola, qarşıdakı avtomobilə, arxadan gələn avtomobilə və qarşı yoldakı nəqliyyatın hərəkətinə diqqət etməlidir" — Həmidli bildirir.
Hüquqşünasın sözlərinə görə, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir: "Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötmə hərəkətini yerinə yetirən sürücü, əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Bununla yanaşı, hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə, ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır".
Ötmə — nizamlanan yolayrıclarında, əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında, baş yol olmayan yolla hərəkət etdikdə, piyada keçidlərində, piyadalar olduqda, dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda, ötən və ya yanından keçən nəqliyyat vasitəsini, yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla, tunellərdə qadağandır: "Sizin qeyd etdiyiniz məsələdə də sürücü qaydanı pozub. O, qarşı yola baxdığı zaman qırıq xəttin hansı məsafədə bitdiyini bilmədən ötmə əməliyyatını həyata keçirib".
Bu qanun pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə tənzimlənir və qayda pozan sürücülər 40 manat məbləğində cərimə edilir: "Məcəllənin 327.4. maddəsində qeyd edilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücü 100 manat, 4 bal cərimə edilir. Bu maddədə sürücünün qoşa xətti keçib qarşı yola çıxması nəzərdə tutulur. Qırıq xətt-ötmə işarəsi olmadan qoşa xətti kəsib qarşı yola keçərək ötmə əməliyyatı etməyin cəzası isə qeyd etdiyimiz kimidir".