BAKI, 2 mart — Sputnik. ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət komitəsi, yeni prezident Donald Trampla bağlı istintaq başlamasına qərar verib. Komitə Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrinin olub-olmadığını araşdıracaq.
Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının kəşfiyyat xidmətinə məsul olan heyəti, Rusiyanın 2016-cı ildəki seçkilərə müdaxilə edib-etmədiyini araşdıracaq. Respublikaçılar indiyədək demokratların istintaq tələbinə istəksiz yanaşırdılar. Lakin son yaşananlar respublikaçı senatorlarda Trampa qarşı ciddi şübhələr yaradıb.
Belə ki, bir ay əvvəl yeni prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn, rus kəşfiyyatı ilə əlaqələri üzə çıxdıqdan sonra istefa verməyə məcbur olmuşdu. Son olaraq, Donald Tramp administrasiyasında yer alan, ABŞ-ın ədliyyə naziri Ceff Seşonun da Rusiya ilə əlaqələri üzə çıxıb. Onun Vaşinqtondakı rus səfir Sergey Kislyak ilə prezident seçkilərindən öncə iki dəfə görüşdüyü üzə çıxıb. Ceff Seşon hələlik istefa verməsə də, onun vəzifədə uzun müddət qalmayacağı iddia edilir.