BAKI, 1 mart — Sputnik. Son zamanlar qaraciyər serrozu yaradıcı insanların xəstəliyinə çevrilib. Elçin Səlcuq, Aqil Mirseyid, Aqşin Yenisey, Namiq İbrahimov, Zabil Müqabiloğlu… Nə yazıq ki, Namiq, Elçin və Zabil bu xəstəlik səbəbindən artıq aramızda yoxdurlar.
Bəs yaradıcı insanların bu xəstəliyə daha çox yoluxmasının səbəbi nə ilə bağlıdır? Sputnik Azərbaycan-a danışan psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, yaradıcı insanlar spirtli içkilərə daha çox meylli olduğu üçün qaraciyər xəstəliklərinə də daha çox yoluxurlar: "Yaradıcılıq çətin prosesdir. Əvvəlcə təbin gəlməsi üçün içilən 50-60 qram sonra gündə 1 litrlə əvəz edilir. Təbii ki, qaraciyərin də buna gücü çatmır. Bəzən olur ki, içkini yeməksiz belə, içirlər".
Müsahibimiz bildirir ki, yaradıcı insanlar kövrək ürəkli olur, hər şey onlara toxunur, hər şeyə qarşı daha aqressiv olurlar: "Sevgi uğursuzluqları, maddi sıxıntılar və aludəçilik onları daha çox içməyə meyilləndirir. Əvvəlcə kef üçün içilən bir qədəh sonra bir şüşə, zamanla gündə 2-3 şüşə ilə əvəz edilir. İçdikcə də dərd böyüyür və bir gün ayılırlar ki, orqanizm sıradan çıxıb. Təbii ki, bu, bütün yaradıcı şəxslərə aid deyil. Serroza müxtəlif virus hepatitləri yolu ilə yoluxan yaradıcı şəxslər də az deyil".
Psixoloqun dediyinə görə, bu şəxslər həyatın qədrini xəstəliyə yoluxandan sonra bilirlər: "O zaman da gec olur".
Serroz nədir?
Həkim hepatoloq Vüsalə Ağayeva Sputnik Azərbaycan-a verdiyi açıqlamada deyir ki, serroz qaraciyər toxumasının birləşdirici toxuma ilə əvəz olunmasıdır: "Yəni, qaraciyər sərtləşir və fəaliyyət qabiliyyətini itirir. Buna da B, C, D virus hepatitləri, yağlı qaraciyər (qaraciyərin piylənməsi) və alkoqollu içkilər səbəb olur. Qadınlar gün ərzində 40, kişilər 60 qramdan çox alkoqollu içki qəbul edərsə, 20-25 il sonra serroz riski ilə üzləşə bilərlər. Bəzi insanlar isə daha tez — 10-15 ilə serroz ola bilər. Bundan başqa, qaraciyərin metobolik xəstəlikləri var ki, həmin xəstəliklərin fəsadları olaraq qaraciyərdə serroz yarana bilər".
Onun sözlərinə görə, Vilson xəstəliyi — qaraciyərdə misin toplanması, hemoxramatoz — qaraciyərdə dəmir toplanması qaraciyərin metobolik xəstəlikləridir: "Bununla yanaşı, Epşteyn virusu və digər xəstəliklər də qaraciyər serrozuna gətirib çıxarır. Ancaq qaraciyər serrozunun əsas səbəbləri virus hepatitləridir. Qaraciyər serrozu kişilərdə qadınlarla müqayisədə daha çox müşahidə edilir. Qadınlarda estrogen hormonu olduğu üçün bu hormon serroz olmanın qarşısını alır. Uşaqlarda serroz isə nadir hallarda müşahidə edilir".
"Serrozun yaranması üçün uzun müddət lazımdır. Yəni insan hər hansı virusa yaxalanan kimi serroz olmur. Hepatit C virusuna yoluxan insan 25-30 il sonra serroz olur. Xəstənin hər hansı bir nəzarətsiz xəstəliyi olanda, yəni o, hepatit, yağlı qaraciyər və ya digər təhlükəli xəstəliyə yoluxduğundan xəbərsiz olanda, bu, zamanla serroz gətirib çıxarır" — V. Ağayeva bildirir.
Serrozun müalicəsi varmı?
Həmsöhbətimizin dediyinə görə, serrozun etioloji səbəbi nədirsə, yəni hansı səbəbdən yaranırsa, o səbəb müalicə edilməlidir: "Serrozun konkret müalicəsi yoxdur. Serrozun iki növü var: Konpensə serroz ilkin mərhələdir. Yəni, bu hədd serrozun başlanmasıdır. Belə halda xəstəni başa salırıq ki, etioloji səbəblər aradan qaldırılsa, sən yaşaya bilərsən. Bu, o zaman baş verir ki, qarciyərin 40 faizi işlək olsun. Yəni, etioloji səbəbləri aradan qaldıraraq müalicə edilir. Məsələn, yağlı qaraciyər problemi varsa, xəstəyə arıqlamaq məsləhət görülür, səbəb alkoqollu içkidirsə, o, qadağan edilir. Bu zaman serroz dərinləşməmiş olur. Lazım olan dərman müalicəsi edilərsə, xəstə normal yaşaya bilir".
"Serrozun ikinci mərhələsi isə dekonpensə serrozdur. Bu mərhələdə qaraciyər sərtləşdiyi üçün qan dövranı pozulur, qan keçmir. Təzyiq artdığı və qaraciyərdən keçə bilmədiyi qarın boşluğuna yayılmağa başlayır və xəstənin qarnı şişir. Buna "asit" deyilir" — həkim qeyd edir.
V. Ağayeva qaraciyərin toksiki maddələrdən zərərsizləşdirmə funksiyasının olduğunu da diqqətə çatdırır: "Serroz olanda qaraciyər toksiki maddələri zərərsizləşdirə bilmir. Həmin toksiki maddələr qan vasitəsilə beyinə gəlir. Həmin maddələr beyinə toksiki təsir göstərdiyi üçün xəstənin huşu aydın olmur. Suallara cavab verə bilmir, özünü və ətraf aləmi tanımır, yuxululuğa meyilli olur. Buna tibb aləmində "ensefalapatiya" deyilir. Yəni, artıq beyində pozuntu baş verir".
"Serrozun üçüncü ağırlaşma mərhələsində isə xəstənin mədəsində və qida borusu damarlarında varikoz genəlmə meydana gəlir. Həmin damarlar partlayanda xəstənin ağzından qan gəlməyə başlayır. Bu, artıq serrozun ağırlaşmış mərhələsidir. Burada müalicə başqa cür davam edir. Həm etioloji amil nədirsə, o, müalicə edilir, həm də sadaladığım halların qarşısının alınması üçün xüsusi dərmanlar verilir. Xəstələrimizi çox zaman bu qanaxmadan itiririk" — mütəxəssis vurğulayır.
Serrozun əlamətləri:
Çəkinin azalması
Bədəndə yaranan qançırlar
Yorğunluq, ümumi zəiflik
Qanaxma halları
Ayaqda şişkinlik
Qarının şişməsi
İştahsızlıq
Ürəkbulanma
Həkim bildirir ki, serroza yaxalanmamaq üçün mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır.