BAKI, 28 fev — Sputnik. Fevralın 28-də Islamabadda Azərbaycan prezidenti İlham Əliyevin və Pakistan prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
Görüşdə Pakistan prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlanıb. Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb.
Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
Fevralın 28-də İslamabadda həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.
Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.