BAKI, 1 mart — Sputnik. Südün sağlamlıq üçün faydalı olması heç kəsə sirr deyil, amma insan böyüdükcə, süd onun üçün problemə çevrilir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, amerikalı tədqiqatçılar nə üçün böyük insanların tez-tez süd içməsinin ziyanlı olduğuna aydınlıq gətiriblər.
Südün tərkibində çoxlu faydalı minerallar, eləcə də sümüklərə möhkəmlik gətirən bolluca kalsium var. Süd qatışıqları kəşf olunana qədər təbii süd uşağın birinci ayında həyati əhəmiyyət daşıyırdı. Keçmişdə analar uşaqlarını bəsləmək üçün daha çox ana südünə üstünlük versələr də, müasir anaların çoxu sintetik uşaq qidalarına və heyvan mənşəli südlərə üstünlük verirlər. Uşaq vaxtı süd son dərəcə faydalı olsa da, mütəxəssislər böyüdükdən sonra süddən tez-tez istifadəni məsləhət görmürlər.
Böyüklərin əksəriyyətinə südlə qidalanma daha çox ziyan gətirir. Bunu amerikalı mütəxəssislərin apardığı son araşdırma da təsdiqləyib. Odur ki, Birləşmiş Ştatların həkimləri əksər pasientlərinə süd içməyi qadağan edirlər.
Amerikalı alimlər müəyyən ediblər ki, bizim planetin böyük sakinlərinin 55%-də südün həzm olunması üçün vacib olan laktoza fermenti çatışmır.
Tədqiqatlar zamanı müəyyən edilib ki, Yer planetinin böyük sakinlərinin sadəcə 20%-i südü həzm etməyə qadirdir. Digər insanlarsa süddən istifadə etdikdən sonra bağırsaq və allergiya problemləri ilə üzləşirlər.
Süddən istifadə edənlərin bir çoxu qarın ağrılarından, bağırsaq sancılarından əziyyət çəkməklə yanaşı, baş ağrıları və ümumi səhhətdə diskomfortla da qarşılaşırlar. Südü parçalayacaq laktoza orqanizmdə az olanda, süd turşusu əmələ gəlmir və süd parçalanmır. Nəticədə süd orqanizmə düşən yad cisim təsiri bağışlayır və mədə-bağırsaq sistemində diskomfort yaradır. Orqanizm bu zaman xeyli enerji itirir ki, bu da baş ağrılarının yaranmasına səbəb olur. Odur ki, alimlər böyüklərə süddən çox, qatıq, pendir və s. kimi süd məhsullarından istifadəni məsləhət görürlər.