Elxan Cəfərov: “Bugünki müstəqil Azərbaycan kinosu hələ inkişaf mərhələlərini keçir”
Dünya kino sənayesinin ən böyük mükafatı olan “Oskar”ın qalibləri müəyyənləşib. Mükafatlandırma mərasimi Amerika Birləşmiş Ştatlarının Los-Angles şəhərində baş tutub. Rejissor Barri Cenkinsin çəkdiyi “Ay işığı” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını alıb. ABŞ-a gəlməkdən imtina edən iranlı rejissor, “Oskar” laureatı Əsgər Fərhadinin çəkdiyi “Kommivoyajer” ən yaxşı əcnəbi film nominasiyasında “Oskar”a layiq görülüb.
Bəs Azərbaycan filmlərinin “Oskar” mükafatını alması nə dərəcədə realdır?
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kinosu inkişaf dövrünü yaşayır: “Bu günlərdə “Oskar” haqqında danışmaq hələ tezdir. Azərbaycan kino sənayesi tam formalaşdıqdan, normal vəziyyətə gəlib-çatdıqdan sonra “Oskar” haqqında danışmaq olar. Onu da nəzərə almaq lazımdır ki, “Oskar” müəyyən məqamlarda siyasi mesajlar daşıyır”.
“Demək olmaz ki, kinomuz sonuncu inkişaf mərhələsindədir. Hələ qarşıda 3-4 vacib mərhələ dayanıb. Onları keçdikdən sonra böyük festivallar haqqında danışmaq olar” — deyə o bildirib.