Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Saxta həkimləri iki ilədək həbs cəzası gözləyir

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidCərrahiyə əməliyyatı
Cərrahiyə əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Xaricdə 3 aylıq kurs keçib Azərbaycanda "uzman" olurlar"

BAKI, 27 fev — Sputnik. Azərbaycanda xeyli sayda xəstələrin müayinə, müalicə və digər tibbi ehtiyaclar üçün xaricə üz tutduqları kimsəyə sirr deyil. Və bu problem müxtəlif səbəblərlə əlaqələndirilir.

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Məsələni Sputnik Azərbaycan-a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, xəstələrin xarici ölkələrə üz tutmaları ilə bağlı proses təkcə Azərbaycanda müşahidə olunmur: "Dünyanın hər yerində müalicə məqsədilə kənar ölkərə axın var. Hətta Almaniyadan ABŞ-a, Türkiyədən Avropaya, ABŞ-a gedənlər mövcuddur. Bu, müəyyən bir həddədir. Çox imkanlı adamlar öz imkanlarına görə, daha tanınmış klinikalarda müalicə almağa üstünlük verirlər. Bu, müəyyən bir kateqoriya təşkil edir".

"Azərbaycanda xəstələrin xarici ölkələrə kütləvi axın etməsi bir neçə amillə bağlıdır. Səhiyyənin keçid dövründə olması, əhalinin səhiyyə xərclərini qarşılaya bilməməsi, bəzən lazımi ünvana düşməyib, həkim müalicəsindən məyus olması və s. səbəblərə görə, Azərbaycandakı insanlar müalicə üçün daha çox xarici ölkərələ müraciət edirlər" — professor deyir.

Müsahibimiz bildirir ki, hazırda müalicə üçün daha çox axın İranadır: "İranda müalicə Azərbaycanla müqayisədə daha ucuz başa gəldiyi üçün xəstələr bu ölkəyə gedirlər. Xəstələr çox zaman İranın əyalətlərinə üz tutur, Tehrana gedən çox azdır. Açıq etiraf etmək lazımdır ki, İranda müalicə ucuz olsa da, bu ölkənin əyalətlərinin xəstəxanalarının maddi-texniki bazası Azərbaycandan xeyli zəifdir. Onların avadanlıqları bizim avadanlıqlardan köhnədir. Amma bütün bunlara baxmayaraq, mütəxəssisləri peşəkardır".

A. Qeybulla son zamanlar Azərbaycanda da xarici ölkələrdə təhsil almış mütəxəssislərin sayının artdığını qeyd edib: "İndiyə kimi ancaq xaricdə həyata keçirilən bir çox əməliyyatların ölkəmizdə də həyata keçirilməsinə başlanılıb. Amma bu proses hələ yeni başlayıb, tam formalaşmayıb. Bəli, Azərbaycanda bir qrup var ki, onlar ölkə səhiyyəsinə inanmırlar. Bunlar məmurlar, yüksək gəlirli şəxslərdir. Onlar Azərbaycan səhiyyəsinə güvənmədikləri üçün xaricdə müalicə alırlar".

"Geniş əhali kütlələri arasında İrana gedənlərin sayı əvvəllər daha çox idi, indi xeyli azalıb. Çünki İranda da müalicə xərcləri bahalaşıb. Əvvəllər dollar ucuz idi, əhalinin gəlirləri çox idi. Rusiyadan gələn pul kütləsi var idi. Amma indi gəlirlər azalıb, dollar və müalicə bahalaşıb. Buna görə də İrana axın xeyli azalıb" — həkim vurğulayıb.

Müsahibimiz bildirir ki, əhalinin Azərbaycan səhiyyəsinə etibarının olmamasının bəzi səbəbləri var: "Azərbaycanda 20 ildən artıq qurulan səhiyyəyə, ona birbaşa cavabdeh olan məmurların inamı yoxdursa, əhalinin niyə olmalıdır? Biz bir millət olaraq, kənardakına üstünlük verənik. Bu, milli çatışmazlıqdır. Biz xarici mütəxəsislərə, xarici həkimlərə daha çox dəyər verir, özümüzünküləri dəyərləndirmirik. Bu, milli şüurun formalaşmamasından irəli gəlir. Düşünürəm ki, bu da zamanla aradan qalxacaq".

"Xeyli adamlar var ki, təhsilindən və harda təhsil almasından asılı olmayaraq, özlərini mütəxəssis elan edirlər. Bu gün reklam imkanları da geniş olduğu üçün hamı bundan istədiyi kimi istifadə edir. Bu gün ölkədə biliyi olmayan çox adam var ki, reklam sayəsində xeyli məşhurlaşıb. Biz mütəxəsislərə üstünlük verməliyik. Peşəkarlıqdan narazılıq məsələləri də var. Hazırda reklam imkanları geniş olduğu üçün xaricdə 3 aylıq kurs keçən mütəxəssis də özünü "uzman" adlandırır" — A. Qeybulla vurğulayıb.

Hüquqşünas Elnur Aslanovun sözlərinə görə, tibb işçiləri cinayət qanunvericiliyinin xüsusi subyekti qismində çıxış edirlər: "Yəni, onların peşə fəaliyyətindən irəli gələn cinayətləri törətməsi üçün müəyyən yaş həddinə çatması və anlaqlı olması kifayət etmir. Eyni zamanda, həmin şəxslərin spesifik təhsilə — tibb təhsilinə malik olmaları da mühüm amillərdəndir. Bu isə tibb sahəsinin hər bir istiqaməti üzrə spesifik bilik, vərdiş və müvafiq təhsili təsdiq edən sənədə malik olmasını şərtləndirir".

© Photo : Facebook / Elnur AslanovHüquqşünas Elnur Aslanov
Hüquqşünas Elnur Aslanov - Sputnik Azərbaycan
Hüquqşünas Elnur Aslanov

"Bu sahədə çalışan saxta diplomlu şəxslər isə Cinayət Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Yəni, onların yetkinlik yaşına çatmaları və anlaqlı olmaları kifayət edir. Tibb sahəsində saxta diplomla çalışan şəxslərin və onlara belə diplomlar vermiş şəxslərin sonrakı taleyi Azərbaycan Respublikasının qanunvericiliyində aydın şəkildə göstərilib. Belə ki, saxta diplom verən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" — ekspert bildirib.

Hüquqşünas deyir ki, bilə-bilə saxta diplomdan istifadə edərək çalışan şəxs 320.2-ci maddəyə əsasən iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Digər tərəfdən, saxta diplomla fəaliyyət göstərən həkim həm də "peşə fəaliyyəti" ilə bağlı törətdiyi konkret cinayət əməlinə görə ayrıca məsuliyyət daşıyır".

E. Aslanovun dediyinə görə, söhbət təkcə saxta diplomun verilməsi və həmin diplomla çalışmaqdan getmir: "Həmçinin, işəgötürən müəssisənin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdən qaçmamalıdır. Bu isə Səhiyyə Nazirliyinin daxili araşdırması çərçivəsində həyata keçirilir ki, əsas məsul struktur vahidi qismində Hüquq və Daxili Nəzarət sektoru çıxış edir".

"Korrupsiya və digər buna oxşar hallar meydana çıxdığı təqdirdə, sonrakı araşdırmanın aparılması üçün zəruri materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmalıdır. Burada isə söhbət CM-nin 33-cü fəslində təsbit olunan cinayətlərin (məsələn, rüşvət alma, rüşvət vermə, vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, səhlənkarlıq), habelə bununla əlaqədar olan digər ictimai-təhlükəli əməllərin araşdırılmasından gedir" — o bildirir.

Xəbər lenti
0