BAKI, 25 fev — Sputnik. Rusiyanın ən iri promouter şirkəti olan “Fight Nights GLOBAL” separatçı “DQR” bayrağını qaldıran erməni əsilli rusiyalı idmançı Vartan Asatryanla müqaviləni ləğv edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat şirkətin saytında dərc edilib.
“Vartan Asatryana müqavilənin ləğv olunması barədə rəsmi bildiriş göndərilib. Müqavilənin ləğvinə səbəb etik normaların pozulması olub. Belə ki, Asatryan geyimində siyasi məzmunlu simvolikadan istifadə edib. İdmançılarla imzalanan müqavilələrdə belə məsələlərlə bağlı bəndlər var. İdmançılar həmin şərtlərə mütləq şəkildə riayət etməlidirlər” — məlumatda bildirilir.
Qeyd edək ki, erməni əsilli rusiyalı idmançı Vartan Asatryan fevralın 23-də “FIGHT NIGHTS GLOBAL 59” turnirində azərbaycanlı idmançı Elnar İbrahimov üzərində qələbə qazandıqdan sonra qondarma “DQR”in bayrağını qaldırıb. Bundan başqa, separatçı rejimin simvolikası onun geyimində də əks olunub.