BAKI, 25 fev — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əl-Bab şəhərinə nəzarətin təmin olunduğunu və bölgədə gizlədilmiş partlayıcılardan təmizlənmə işlərinə başlanıldığını bildirib.
Nazir "Fərat Qalxanı" əməliyyatında İŞİD terror təşkilatına son zərbənin endirildiyini və şəhərin terrorçulardan təmizləndiyini qeyd edib: "Baş Qərargahın açıqladığı kimi, şəhər tamamilə nəzarətimiz altındadır, amma şəhərin həm müxtəlif partlayıcı maddələrdən, həm də terrorçulardan təmizlənməsi lazımdır. Bizim dəstək verdiyimiz qüvvələr də şəhərin təhlükəsizliyini təmin etməlidirlər".
Çavuşoğlu bundan sonrakı hədəfin Raqqa əməliyyatı olduğunu bildirib: "Koalisiya ölkələri — Fransa, Almaniya, Böyük Britaniya ilə məsləhətləşmələrimiz oldu. Yerli qüvvələrlə bərabər Raqqanı İŞİD-dən təmizləyə və raqqalılara təhvil verə bilərik".