BAKI, 25 fev — Sputnik. Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu Florida ştatındakı Fort-Loderdeyl hava limanında ABŞ immiqrasiya xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Miami New Times qəzetinə istinadən məlumat verir.
Hadisə fevralın 7-də Məhəmməd Əlinin oğlu (onun da adı Məhəmməd Əlidir — red.) anası ilə birlikdə Yamaykadan Floridaya gələndə baş verib.
Qəzetin yazdığına görə, immiqrasiya xidmətinin əməkdaşları 44 yaşlı Məhəmməd Əlini iki saat müddətində sorğu-suala tutublar. Sorğu-sualın gedişində boksçunun oğlundan iki dəfə dini mənsubiyyətini soruşublar.
Məhəmməd Əlinin ailəvi dostu, keçmiş prokuror Kris Mançinin sözlərinə əsasən, Məhəmməd Əlini prezident Donald Trampın müsəlmanlara dair məlum fərmanına görə saxlayıblar: "Məhəmmədin kriminal keçmişi yoxdur. O, ABŞ vətəndaşıdır. Trampın qadağanın dinlə əlaqəsi olmaması barədə sözləri artıq inandırıcı görünmür".
Qeyd edək ki, Donald Trampın müsəlmanlara ölkəyə girişi qadağan edən fərmanının icrası artıq məhkəmələr tərəfindən dayandırılıb.