BAKI, 24 fev — Sputnik. ABŞ prezidenti Donald Tramp hesab edir ki, istər dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı, istərsə də ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasındakı görüşlər çox səmərəli olub.
Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Şon Spayser jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə deyib.
"Onların hər ikisi kifayət qədər səmərəli görüş olub. İş belə gətirib ki, onların hər ikisi eyni vaxtda, amma başqa-başqa yerlərdə (Bonnda və Bakıda) keçirilib. Prezident bu görüşlərin nəticələrindən çox razıdır" — Spayser deyib.
Xatırladaq ki, Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillersonun ilk görüşü fevralın 16-da Bonn şəhərində keçirilən "G20" ölkələrinin nazirlərinin toplantısında baş tutub.
Cozef Danfordla Valeri Gerasimov isə həmin gün Bakıda görüşüblər. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın supergüclərini təmsil edən hər iki yüksək rütbəli şəxsi qəbul edərək onlarla bölgədəki hərbi-siyasi vəziyyəti, ölkələrimiz arasındakı münasibətləri, müdafiə, təhlükəsizlik, terrorizmlə mübarizə və digər sahələrdəki əməkdaşlığın hazırkı durumunu, həmçinin perspektivləri müzakirə edib.