BAKI, 23 fev – Sputnik. Çində "Quş qripi" H1N1 virusundan növbəti ölüm faktı qeydə alınıb. Çinin Nankin şəhərinin sakini olan 41 yaşlı qadın ev quşlarının satışı ilə məşğul olurmuş. “Quş qripi” virusu əlamətləri ilə xəstəxanya yetişdirilən qadın elə orada dünyasını dəyişib. Qadından götürülən analizlər onun “quş qripi” virusundan öldüyünü təsdiqləyib. Xatırladaq ki, bu, fevral ayında H1N1 virusu səbəbiylə ikinci ölüm halıdır.
Bəs Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət necədir? Nazirliyin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir və “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalı diqqət mərkəzində saxlanılır: “Hal-hazırda ölkədə epizootik vəziyyət sabitdir. Yaz miqrasiyaysı ilə bağlı monitorinqlər yekunlaşıb. Nəticələr uyğun deyə bilərik ki, ölkəmizdə "quş qripi" yoxdur. Köçəri quşlarda bu xəstəlik aşkar olunarsa, bu barədə yeni araşdırmalar aparılar. Amma hələ ki, heç bir problem yoxdur”.
Müsahibimiz bildirir ki, Azərbaycan və Çin arasında quş əti və quş məhsulları alqı-satqısı olmadığı üçün xəstəliyin Çindən Azərbaycana keçmə ehtimalı da yoxdur.
Xatırladaq ki, "quş qripi"nin ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü göstərib.
Xəstəlik qripə bənzəyir, hərarətin qalxması, halsızlıq, öskürəklə müşayət olunur və 1-2 həftə ərzində xəstənin həyatına son qoyur.