BAKI, 23 fev — Sputnik. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan bloqçu Aleksandr Lapşinin yeni vəkilinin adı məlum olub.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bloqçunun hüquqlarını vəkil Eduard Çernin müdafiə edəcək.
Çernin "Çernin və partnyorları" Hüquq firmasının prezidentidir.
İş yerləri:
1972–1976 – Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsi (məhkəmənin katibi)
1976-1982 – "Azərneft" – hüquqşünas
1982-1984 – Azərbaycan Hidrometereoloji Komitəsi (hüquqşünas)
1984-1989 – Azərbaycan Dəmir Yol Bakı bölməsinin fəhlə təminat şöbəsi (hüquqşünas)
1989-1994 – Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının vəkili
1994-1996 – “BM” Hüquq Şirkətinin prezident müavini
1996 – bu günə qədər – “Çernin və Partnyorları” hüquq firmasının prezidenti
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
Eduard Çernin siyasi fəaliyyətlə də məşğuldur. O, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının Siyasi Şurasının üzvüdür. 2005-ci ildə Milli Məclisə seçkilərdə namizədliyini Yevda Abramovun xeyrinə geri götürüb.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqçu Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb.
Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib və Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya edilib.
Lapşin fevralın 8-də Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.