Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 23 fev-Sputnik. Şəkidə zəncirvari qəza olub. Qəza zamanı 3 nəfər xəsarət alıb.
Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də, Şəkinin Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib.
Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərrəm oğlunun idarə etdiyi Ford tranzit yük avtomobili ilə Şəki rayon sakininin idarə etdiyi VAZ 21011 markalı minik avtomobili toqquşub.
Hadisənin şahidlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə də qismən ziyan dəyib. Qəzadan sonra VAZ 21011 avtomobilinin hissələri ətrafa dağılıb. Avtomobil iki hisssəyə parçalanıb.
Yük avtomobili isə aşaraq avtomobillərin intensiv hərəkət etdiyi yolu bir müddət bağlayıb. Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi xəstəxanasına yerləşdirib.
Xəstəxanadan Sputnik Azərbaycan-a bildirilib ki, onların vəziyyəti orta ağır olaraq qalır. Hadisənin səbəbləri araşdırılır.