BAKI, 22 fev — Sputnik. “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərinə riayət olunmaması ilə bağlı yol polisinin tətbiq etdiyi cərimələr sürücüləri narahat edir. Son günlər uşaqların maşında xüsusi oturacaqlarda oturması fonunda yaranan ajiotaj yol polisini də xeyli tədbirli olmağa vadar edib. Əvvəl mediaya “cərimələnəcək” sözü ilə yansıyan məlumat, sonradan yol polisinin “tövsiyəsi” kimi ifadə edildi. Amma yol polisinin daha hansı məsələdə sürücüləri cərimələyə biləcəyi barədə suallar bitmək bilmir. Məsələn, Sputnik Azərbaycan-a daxil olan oxucu məktubunda maraqlı bir məqama toxunulub — ev heyvanlarının maşında daşınmasına. Rafiq Süleymanov adlı oxucu yazıb:
“Mənim ovçarka növündən olan itim var. Hər gün onu gəzməyə və digər yerlərə maşınımda aparıram. Amma qaydaların necə olduğunu və hansı vəziyyətdə iti aparmalı olduğumu bilmirəm, cərimələri də həmçinin. Bu barədə heç yerdə bir məlumat tapa bilmirəm. Mənə və mənim kimi ev heyvanları olan vətəndaşlara qanunda bu məsələnin necə əksini tapdığını bilməkdə köməklik göstərmənizi xahiş edirəm”.
Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələni dəqiqləşdirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədova müraciət edib. V.Əsədov xüsusi qaydalar olduğunu təsdiq edib: “İtlər maşında ağzı bağlı aparılmalıdır. Qaydalara riayət olunmalıdır. Bizdə ev heyvanları, xüsusilə it çox az saxlandığından və avtomobillərdə az daşındığından onlarla bağlı cərimələr hər dəfə tətbiq edilmir”.
Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda it saxlayanlar az olduğundan, bu, elə də diqqət çəkən məsələ deyil və cərimə də tətbiq edilmir. Amma zərurət yaranarsa, mütləq bu məsələyə də baxıla bilər.