BAKI, 22 fev — Sputnik. “Zibillikdən körpə tapıldı”, “Ana körpəsini küçəyə atdı” və s. sərlövhəli xəbərlərlə tez-tez qarşılaşırıq. Kimi övlad sahibi olmaq üçün illərlə müalicə alır, yol gözləyir, kimi isə dünyaya gətirdiyi körpəsini zibil qabına, küçəyə ataraq ondan imtina edir. Anaları dünyaya gətirdiyi körpələrin sonrakı taleyi əsla maraqlandırmır…
1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyevanın KİV-ə verdiyi məlumata görə, hər il 60-70 uşaq küçərələr atılır. Atılmış 3 yaşınadək körpələr 1 saylı Körpələr Evinə, 3 yaşdan sonra isə müvafiq uşaq evlərinə və internatlara yerləşdirilir.
N. Əliyeva bildirib ki, il ərzində təxminən 60-70 atılmış uşaq tapılaraq müəssisəyə gətirilir. Uşaq tapılandan sonra bu barədə tapıldığı ərazinin polis bölməsinə müraciət olunur. Bölmədə qeydiyyat apardıqdan sonra uşaq körpələr evinə göndərilir. Bundan başqa, doğum evlərində imtina edilmiş uşaqlar da bura köçürülür. Həmçinin, ana dünyasını dəyişir və ya ağır xəstəliyə yoluxursa, ata övladına baxa bilməyəcəyini əsas gətirərək onu körpələr evinə verir. Atılmış uşaqların sayı həmişə çoxluq təşkil edib.
Həkim bildirib ki, araşdırmalara görə, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gəlib.
Qızlara cinsi tərbiyə verilməlidir
Pediatr Vaqif Qarayevin sözlərinə görə, qızlara qoyulan radikal qadağalar onların yanlış düşüncələrə düşməsinə səbəb olur: “Valideyn qızına qarşı “ora baxma, bura baxma, ora getmə, bura getmə” kimi qadağalar qoyur. Qız da imkan tapan kimi “olmaz” deyilən hər şeyi edir. Yaxud qızlara həddən artıq sərbəstliyin verilməsi də, qızların yanlış addım atmasına səbəb olur”.
V. Qarayevin fikrincə, atılan uşaqların hamısına təsadüfi hamiləlikdən doğulan uşaq kimi baxmaq olmaz. Çünki indi 12 yaşlı qızların çoxu hər şeyi bilir. Yəni onların təsadüfən hamilə qalması inandırıcı deyil: “Hər şeydə kişiləri də günahlandırmaq olmaz. "Qadınlarda günah yoxdur" demək yanlış fikirdir. Valideynlər körpəlikdən uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Çox zaman ruslara fikir verirəm, onlar uşağı daha yaxşı tərbiyə edirlər. Əslində, onlarda qadağalar bizimki ilə müqayisədə daha çoxdur. Amma uşaq bir qədər böyüdükdən sonra bizim tabu kimi baxdığımız məsələlər onlar üçün adi həyat tərzi şəklində olur. Müəyyən yaşdan sonra qızlar üçün yaşıl işıq yanır. Biz isə qızlara “olmaz” deyirik, amma niyəsini izah etmirik” – deyə həkim bildirir.
“Bəzən mən pasientlərlə söhbət edəndə valideynlərinə sual verirəm ki, “uşağınızla intim münasibətlər haqqında danışırsınızmı?” Onlar utanıb-qızarır və deyirlər ki, “uşaqla pərdəni açmaq olmaz”. Valideynlərin “açmaq olmaz” dediyi “pərdə” sonra tanımadıqları insanlar tərəfindən açılır. Uşaqlar intim münasibətləri internetdən öyrənməyə başlayırlar. Sonra da valideynlər deyir ki, “internet uşağı pozur” – deyən Qarayevin fikrincə ana uşağına hər şeyi özü öyrətməlidir:
“Mən demirəm ki, uşağa hər şeyi açıqlığı ilə öyrədin. Deyirəm ki, uşağa hər şeyi yavaş-yavaş öyrədin. Yetkinlik yaşına çatmış qıza sual verirəm ki, “sənin aybaşı tsiklin necədir?” Valideynin yanında uşaq o vəziyyətə düşür ki, sanki aybaşı fahişəlik deməkdir”.
Müsahibimiz bildirir ki, mühafizəkar ailədə böyüyən qızlarımız sonra öz ehtiraslarını cilovlaya bilmirlər. Adı isə təsadüfi hamiləlik olur.
V. Qarayev onu da deyib ki, atılan uşaqlar ailələrdə doğulan uşaqlardan daha sağlam olur: “Mən Təcili Yardımda çalışanda zibil yeşiyindən bir körpə tapılmışdı, hələ qanlı-qanlı idi. O neçə saat soyuqda qalmışdı. Mən sonradan uşağın taleyi ilə maraqlandım. Sap-sağlam idi”.
Qarayev bildirir ki, atılmış körpələr çox zaman evlərdə doğulur: “Yəni, gizlin hamilə qalır, sonra da gizlin övlad dünyaya gətirirlər. Qız hamilə qalır, qorxusundan evdə deyə bilmir.”
Pediatrın fikrincə, ən yaxşısı hamilə qalan kimi abort etdirməkdir. “Bu uşaqlar hamilə qalan kimi uşaqdan qurtulmaq üçün hər şeyə əl atırlar. Mən belə qızları qanaxma ilə xəstəxanaya çox aparmışam. Özlərinə gələndən sonra etiraf ediblər ki, hamiləlikdən qurtulmaq üçün bu üsullara əl atıblar” – deyən həkim hesab edir ki, qızların intim tərbiyəsi ilə ana məşğul olmalıdır. Əks halda, belə atılmış uşaqların sayı çox olacaq.
Həkim bu məsələlərdə kişilərdə də günahın az olmadığını bildirib: “Bəzən kişilər mənə deyirlər ki, doktor, o özü istədi, mən də etdim. Amma bu tərbiyə ilə bağlıdır və o da ailədə verilməlidir.”
Uşağı atmaq cinayətdir
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, adətən tərk edilmiş, müəyyən psixoloji sarsıntı keçirmiş qadınlar övladlarını atırlar: “Onlar övlada yad biri, ona problem yaradacaq məxluq kimi baxırlar. Ümumiyyətlə övlad dünyaya gətirmək tək fiziki deyil, həm də psixoloji prosesdir”.
Psixoloq deyir ki, uşaq dünyaya gətirib onu atan qadınlara ana deməyə dili gəlmir: “Övladını atan qadınlar özlərini müdafiə etmək üçün bəhanələr gətirir, etdikləri cinayəti ört-basdır etməyə çalışırlar. Bəli, övladı atmaq cinayətdir, çünki bu, bir insanın həyatını məhv etmək deməkdir. Belə qadınlar həyatda ətrafa nifrət edən, insanlarla mənəvi bağı olmayan, daxili aləmlərini görməyənlərdir”.
Küçəyə atılan uşaqların sayı artacaq
Sosioloq Əhməd Mansurov deyir ki, yeni doğulmuş uşaqların atılması ailə dəyərlərinin və cəmiyyətdə ailə institutunun dağılması deməkdir. Uşaqların atılmasının başlıca səbəbi, ananın sərbəst yaşamaq istəyidir.
“Uşaqlar hansısa münasibət zəminində dünyaya gəlir. Çoxları cinsi istəyinə çatanda, onun doğuracağı nəticələri düşünmür. Hər iki tərəfin məsuliyyətsizliyi, şüursuz davranışı körpələrin kimsəsiz qalmasına, ailə qayğısından məhrum olmasına və ağır gələcəyinə səbəb olur” – sosioloq bildirir.
Müsahibimizin sözlərinə görə, nikahdan kənar dogulan, boşanmalar nəticəsində qayğıdan kənarda qalan uşaqlar da atılma riskindədirlər. “Maraqlıdır ki, ana öz uşaqlarını yaxın insanların — nənə-babanın, xalanın və başqalarının himayəsinə vermir, amma küçəyə atır. Bu onu göstərir ki, ailə üzvləri də bu məsələdə ya biganədirlər, ya da körpəsini küçəyə atan ana uşağına görə yaxınlarının və cəmiyyətin qınağına tuş gələcəyindən qorxur” – deyən sosioloq hesab edir ki, ümumiyyətlə, insanların sərbəst yaşamaq istəyi, cinsi azadlıq, narkomaniya və sənayeləşmə nəticəsində insanların karyeristik dünyabaxışları küçəyə atılan uşaqların sayını artıracaq.