BAKI, 20 fev — Sputnik. Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında, İqdır-Naxçıvan yolunda ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza nəticəsində 8 nəfər ölüb, onlarla adam yaralanıb.
İlkin məlumata görə, qəza dumanlı hava şəraitində baş verib. Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşının olduğunu bildirib. O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü və onların arasında azərbaycanlıların da olduğunu da qeyd edib: "Hazırda ölənlərdən neçəsinin Azərbaycan vətəndaşı olduğunu müəyyən etməyə çalışırıq. Məlumatlar Türkiyə tərəfi ilə dəqiqləşdirilir. Azərbaycanın Qarsdakı baş konsulu bu işlə şəxsən məşğul olur və o, hazırda xəstəxanadadır. Konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər".