BAKI, 20 fev — Sputnik. Bakının Nizami rayonunda fevralın 19-dan 20-nə keçən gecə baş verən kütləvi davada üç kişi yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a sözügedən rayonun Polis İdarəsindən məlumat veriblər. Heydər Əliyev prospektindəki 119 nömrəli binanın qabağında iki naməlum şəxs bıçaqla Gürcüstan vətəndaşları – 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğluna, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğluna və Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzəyev Səxavət Rizvan oğluna hücum ediblər.
Nəticədə İsmayılov və Məmmədov qarın nahiyəsi və digər orqanlarından kəsilmiş, deşilmiş bıçaq yaraları alıblar. Onlar 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdiriliblər. Mirzəyev daha şanslı olub. Onun barmaqları zədələnib və lazımi tibbi yardım alandan sonra evə buraxılıb.
İlkin araşdırma zamanı Nizami rayon Polis İdarəsinin 25-ci bölməsinin əməliyyatçıları müəyyən ediblər ki, Gürcüstan vətəndaşları avtomobil bazarında ehtiyat hissələrin və aksessuarların satışı ilə məşğuldurlar. İlkin məlumata görə, cinayət baş verərkən sözügedən gənclər sərxoş vəziyyətdə olublar və işdən qayıdırlarmış.
Onlara hücum edən şəxslərlə münaqişə isə mənasız səbəbdən baş verib. “İnsident iştirakçılarından hansısa digərinin çiyninə toxunub. Nəticədə onlar söz güləşdirməyə başlayıblar və bu, qanlı qarşıdurma ilə nəticələnib. Hazırda polis bıçaqlamada şübhəli bilinənlərin şəxsiyyətini müəyyənləşdirməklə məşğuldur” – polis bildirib.