Sabir Rüstəmxanlı: “Türkiyədəki siyasi partiyaların həmrəylik nümayiş etdirməsi vacibdir”
Bu ilin aprelində Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Qeyd edək ki, konsiitusiyaya dəyişikliklərlə bağlı proses Milliyətçi Xalq Partiyasının lideri Dövlət Baxçalının dəstəyi ilə başlayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, Türkiyənin gələcəyi baxımından siyasi partiyaların uzlaşması, həmrəylik nümayiş etdirməsi vacibdir: “Milliyətçi Xalq Partiyasının, xüsusən də Dövlət Baxçalının AK partiya ilə eyni mövqedən çıxış etməsi birmənalı qarşılanmır. Ancaq görünür Dövlət Baxçalının müəyyən mülahizələri var”.
“Partiyanın bir neçə nüfuzlu nümayəndəsi oradan ayrılmaq qərarına gəliblər. Buna görə də Dövlət Bağçalı ciddi açıqlama verməlidir ki, niyə bu xətti seçib? Amma Türkiyənin parlament respublika quruluşundan prezident idarəetməsinə keçməsi faciə deyil. Əsas odur ki, kimlər idarə edəcək və prezidentlik kürsüsündə kim oturacaq” — deyə o bildirib.