BAKI, 17 fev — Sputnik. Bu gün səhər paytaxt sakinləri yenidən "qar böhranı" ilə üz-üzə qaldılar. Sputnik Azərbaycan əməkdaşlarının paytaxtın müxtəlif ərazilərində apardıqları müşahidələr vəziyyətin ürəkaçan olmadığını deməyə əsas verir.
Məsələn, "20 Yanvar" dairəsindən Azərbaycan Nəşriyyatınadək uzanan Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospekti ümumiyyətlə qardan təmizlənməyib. Əraziyə qum-duz səpilməyib. Qəza olmasın deyə, sürücülər saatda 20 km sürətdən o yana keçməyə cürət etmirlər. Buna baxmayaraq, bəzən qarşıdakı avtomobilin qəfildən 360 dərəcə yön dəyişdirdiyini müşahidə edirsən.
Belə… Qar hələ davam edir. Əgər "Azəravtoyol" təcili tədbirlər görməsə, axşamadək yaşanacaq xoşagəlməz hallardan kimsə zəmanətli deyil.