BAKI, 17 fev — Sputnik. UNEC-in rektoru, professor Ədalət Muradov Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin 110 illik yubileyində iştirak edib.
Rusiyanın ilk iqtisadyönümlü universitetinin yubiley tədbirlərinə Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar qatılıb. Tədbirlərə səhər yeməyi formatında keçirilən “İşgüzar görüş”lə start verilib. “Ali təhsilin gələcəyi və universitetlərin inkişafı” mövzusunda keçirilən görüşdə Rusiya Federasiyasının ali təhsil və elm naziri, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti, “Rostex” şirkətinin baş direktoru, “Rosneft” şirkətinin vitse-prezidenti, Rusiya Federasiyasının Hesablama Palatasının sədri, eyni zamanda dünyanın müxtəlif ölkələrindən 100-dən çox nümayəndə iştirak edib. İşgüzar görüşdə əhalinin rifah halının yaxşılaşdırılmasında təhsilin rolu, cəmiyyətin və iqtisadiyyatın ali təhsil qarşısında qoyduğu tələblər, universitetlərin transformasiyası yolları və üsulları kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb. Ali təhsil müəssisələrinin məzunlarına olan tələbatın artırılması istiqamətində müvafiq təcrübələrin inkişaf etdirilməsi müzakirə edilib. İşgüzar görüşün sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Universitetin rektoru, professor Viktor Qrişinlə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin ölkənin iqtisadi və siyasi inkişafında mühüm rol oynadığını bildirib. Zəngin tarixə və təcrübəyə söykənən ali təhsil ocağının məzunlarının təkcə Rusiyada deyil, həmçinin ölkə hüdudlarından kənarda da peşəkar kadr kimi qəbul edildiyini vurğulayıb.
Qrişin son illər UNEC-in əldə etdiyi nailiyyətlərin universitetin dünyanın nüfuzlu ali təhsil müssisəsiləri sırasında yer tutmasına zəmin yaratdığını qeyd edib. UNEC-də Rus İqtisadiyyat Məktəbinin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlıq imkanlarını daha da artırdığını bildirib. Qrişin UNEC professorlarının Rusiya İqtisad Universitetində mühazirə oxumağa dəvət edib.
Görüşdə ikili diplom proqramlarının işlənməsi məqsədilə fənlərin uzlaşdırılmasına qərar verilib. Rusiyanın ən inkişaf etmiş distant təhsil imkanları olan Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti ilə birgə modulların işlənməsi razılaşdırılıb.
Yubiley tədbirləri çərçivəsində UNEC-in rektoru Sankt-Peterburq Dövlət İqtisad Universiteti, Çinin Şandonq Maliyyə və İqtisadiyyat Universiteti, Zaqreb İqtisadiyyat və Menecment Məktəbi, Lüksemburq İqtisadiyyat və Menecment Məktəbi, Ural Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlıq istiqamətləri, xüsusilə də ikili diplom proqramlarının işlənməsi barədə razılığa gəlinib.