BAKI, 16 fev — Sputnik. Gələcəkdə insanlar 500 ilə qədər yaşaya biləcəklər. Sputnik Azərbaycan xarici mediaya istinadla bildirir ki, bu bəyanatla “Google” korporasiyasının layihəsində iştirak edən alimlər çıxış ediblər.
Onlar qeyd ediblər ki, hətta indi balanslaşdırılmış qida qaydalarına riayət etməklə, zərərli vərdişləri tərgitməklə və rejimə əməl etməklə insanlar 120 ilə qədər yaşaya bilirlər: “Gələcəkdə, müasir genetika və neyrocərrahiyyənin imkanlarından istifadə etməklə, ömrü 500 ilədək uzatmaq mümkün olacaq”.
Qeyd edək ki, “Google” korporasiyası insan ömrünün uzadılması məsələsi ilə fəali şəkildə məşğul olur. Bu şirkət uzunömürlülüyün reseptinin axtarışlarına həsr olunmuş elmi layihələrə investisiya qoyur.
Amerika korporasiyasının dəstəyi ilə artıq tibb sahəsində xeyli kəşfə imza atılıb. Onlardan bir çoxu onkoloji xəstəliklər başda olmaqla ağır xəstəliklə effektiv mübarizə aparmağa imkan verir.
İnsan orqanizmini dərindən öyrənilməsi ilə məşğul olan tədqiqatçıların fikrincə, insanlar heç bir kənar müdaxilə olmadan 120 yaşamağa qadirdirlər. Amma bu yaşda orqanların bir çoxu ciddi aşınmaya məruz qalır və öz funksiyalarını itirirlər. Alimlərin fikrincə, həmin orqanları tezliklə dəyişmək mümkündür. Neyrobioloqlar isə baş beynin iş qabiliyyətini qoruyub saxlamağa qadir olan metodları kəşf edirlər. Bu da insan ömrünü praktiki olaraq sonsuza qədər uzatmağa imkan verir.
Alimlər bildiriblər ki, insan ömrünü uzatmağa qadir olan texnologiyaların təkmilləşdirilməsi prosesi yaxın 30 il ərzində başa çatacaq. Odur ki, çalışın 30 il ərzində özünüzü qoruyun.