BAKI, 16 fev — Sputnik. ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.