Səidə Qocamanlı: “Məhbuslar həbsxana tipli şəraitdə saxlanılmayacaqlar”
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 fevral 2017-ci il tarixində penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyir ki, hüquq müdafiəçiləri bu sərəncamı çoxdan gözləyirdi. “Bununla bağlı işçi qrupunda dəfələrlə müzakirələr aparılıb. Sərəncam bütün cəmiyyətimiz, cəza çəkənlər və dövlətimizin sosial-iqtisadi durumu üçün müsbət əhəmiyyətə malikdir”.
“Sərəncamın təsiri müsbət olacaq. Cəza çəkmə müəssisələrində məhbusların sayı azalacaq, insanlara qanunla təsbit olunan daha yüngül cəzalar veriləcək. Bu dünya praktikasında istifadə olunan təcrübədir. Məhbusların sayının azalması iqtisadi cəhətdən ölkəmizə töhfə verəcək” — deyə o bildirib.