BAKI, 15 fev — Sputnik. 2017-ci il fevralın 14-dən etibarən "Baltika-Bakı'' MMC "Carlsberg Azerbaijan'' MMC adına dəyişdirilib. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olduğu "Carlsberg Group" şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
Bu barədə Modern.az-a adlçəkilən şirkətdən məlumat verilib: "Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri şirkətin adı istisna olmaqla dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. "Baltika-Bakı" MMC şirkətinin bütün hüquq və vəzifələri hüquqi varisə "Carlsberg Azerbaijan"' MMC-yə keçəcək".
Zavod Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavod 2008-ci ildən "Carlsberg Group"-a daxildir və 2009-cu ilin may ayında zavod yenidənqurma işlərindən sonra açıldı. Ölkənin pivəçəkmə sahəsində lider olan bu şirkətin payına bazarın təxmini 75%-i düşür. Şirkət Azərbaycan Respublikasının qeyri-xammal sahəsinin ən iri şirkətlərindən biri və yüzlərlə vətəndaşın iş yeridir.
İllik vergi ayırmalarının həcmi 15-20 mln AZN təşkil edən bu şirkət 2015-ci ildən tam şəffaf biznes fəaliyyəti göstərdiyinə görə AR Vergilər Nazirliyinin "vergi tərəfdaşı'' statusunu alıb. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir. Şirkət təxmini 190 nəfəri işçini və 400 vasitəçini iş yeri ilə təmin edib (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafına qoyulan investisiyaların ümumi məbləği 47 mln. AZN təşkil edir. Şirkət Xırdalan, Tuborg, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Xırdalan Draft", "Kuler", "Əfsanə", "Jiqulevskoye firmennoye" kimi məşhur brendlərin pivəsini istehsal edir.
"Carlsberg Group" 1847-ci ildə təsis olunub, dünyada ən iri pivəçəkmə şirkətlərindən biridir. Şirkətin pivə brendlərindən və digər içkilərdən ibarət geniş portfeli var. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagendə şəhərində yerləşir. Dünyanın üç iri regionunun Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində yerləşən zavodlar "Carlsberg Group"-a məxsusdur və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.