ELM

Abituriyentlər üçün ikinci şans

© Photo : REPORTAli məktəblərə qəbul imtahanı. Arxiv şəkli
Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya şagirdin taleyi ildə bir dəfə 3 saat ərzində həll edilə bilməz

BAKI, 15 fev — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

İmtahan - Sputnik Azərbaycan
ELM
Dövlət İmtahan Mərkəzindən gözlənilməz qərar

Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında ali məktəblərə qəbul imtahanlarının 2 mərhələdə keçirilməsini zəruri edən bir neçə amilin olduğunu deyib: "Dövlət İmtahan Mərkəzi 2017-ci ilin yanvar ayından fəaliyyətə başlayıb və artıq dövlət büdcəsi vəsaiti hesabına deyil, bundan sonra göstərəcəyi xidmətlərə görə özünün maliyyələşməsini həyata keçirməlidir. DİM-in gəliri yalnız təhsilin pillələri üzrə həyata keçirdiyi qəbul imtahanlarından ola bilər. Buna görə də DİM imtahanları bir neçə mərhələ etməklə həm də gəlirini artırmaq məqsədini güdür".

Dünya təcrübəsinə gəlincə ekspert deyib ki, heç bir yerdə ildə bir dəfə 3 saat ərzində şagirdin taleyini həll edən mexanizm yoxdur: "Məsələn, hazırda bütün dünyada qəbul edilmiş imtahanlar (SAT, YÖS və s.) var. Bunlar il ərzində bir neçə dəfə keçirilir. İmtahanda iştirak edənlər bir neçə dəfə imtahanda iştirak ediblərsə, əldə etdikləri ən yüksək nəticə ilə ali məktəblərə qəbul ola bilirlər".

"Abituriyentlərimizin psixoloji, fizioloji hazırlıqları həmişə yüksək səviyyədə olmur. Yüksək səviyyədə imtahana hazırlaşsalar da, psixoloji baxımdan özlərini itirə bilərlər. Sənədləri ilə bağlı problemlər olur və s. Ona görə də onlara 2-ci dəfə şans verilir" — deyə o qeyd edib. 

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Ekspertin sözlərinə görə, DİM onsuz da indiyədək 2 dəfə imtahan keçirib: "May ayında əvvəlki illərin məzunları üçün, yay aylarında isə həmin ilin məzunları üçün imtahan keçirib. May imtahanlarında iştirak edən əvvəlki ilin məzunları yayda keçirilən imtahanda iştirak edə bilmirdilər və yaxud əksinə. Amma bundan sonra hər iki imtahanda iştirak edə biləcəklər".

K. Əsədov hesab edir ki, bu addım ali məktəblərə qəbul olanların sayını, keçid ballarını ciddi şəkildə artıracaq: "Həmçinin, boş qalmış plan yerlərinin sayını ciddi şəkildə aşağı salacaq. Bu, vaxtında atılmış mütərəqqi addımdır".

Ekspert onu da əlavə edib ki, ali təhsil müəssisələri öz xərclərini ödəmək üçün qəbul həyata keçirir: "Amma əmək bazarının bu və ya digər ixtisaslar üzrə artıq kadra ehtiyacı yoxdur. Burada fasilə vermək lazımdır. Məsələn, sovet vaxtı Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul bir neçə il dayandırılıb. Bu təcrübədən istifadə etmək lazımdır. Amma elə ixtisaslar var ki, o sahədə ciddi şəkildə kadrlara ehtiyac var. Məsələn, nanotexnologiyalar üzrə və s".

Digər təhsil eksperti Nadir İsrafilov da Sputnik Azərbaycan-a açıqlamasında bu addımı təhsilin əlçatan olması baxımından müsbət qiymətləndirib: "İstiqamət belə götürülüb ki, təhsil hamı üçün əlçatan olmalıdır. Abituriyentə 2 dəfə şans veriləcək. Bu, təhsilin əlçatan olması baxımından atılan növbəti bir addımdır".

© Sputnik / Murad OrujovNadir İsrafilov
Nadir İsrafilov - Sputnik Azərbaycan
Nadir İsrafilov

Ekspertin fikrincə, digər tərəfdən, bu addım keyfiyyətə deyil, daha çox kəmiyyətə hesablanıb: "Bəzi ölkələrdə universitetə attestasiya qiymətləri ilə, bəzilərində isə imtahansız qəbul edirlər. Həmin ölkələrdə ali məktəblərin qapıları açıqdır, hər kəsə universitetə daxil olmağa şərait yaradılır. Amma universitetdən məzun olmaq çox çətindir".

N. İsrafilovun sözlərinə görə, biz də təhsili hamı üçün əlçatan ediriksə, ali məktəbdən məzun olmaq qaydaları sərtləşdirilməli, universitetdə müəyyən məhdudiyyətlər qoyulmalıdır: "Tələbə oxuya bilmirsə, ona diplom verilməməlidir. Məzunların işlə təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Ümumiyyətlə, bu işlərin sistemli şəkildə aparılması yaxşıdır".

Xəbər lenti
0