BAKI, 14 fev — Sputnik. 1918-ci il fevralın 14-də Cənubi Qafqazdan Ümumrusiya parlamentinə — Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar.
Ümumrusiya Müəssislər Məclisinə seckilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seckilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Belə olan halda Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər.
Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi. Seymin Azərbaycan (müsəlman) fraksiyasına Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi.