BAKI, 14 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinindəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.