Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 fev — Sputnik. Ötən gün axşam saatlarında Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib.
Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Bakı şəhər sakini, N. Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusu ilə Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-ya çatdırılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, N. Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.