BAKI, 14 fev — Sputnik. Bir neçə gün öncə Azərbaycan Beynəlxalq Bankı (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb. Bir neçə digər bankın da uzunmüddətli ipoteka kreditlərindən imtina edəcəyi xəbəri dolaşır. Təbii ki, bu da əmlak bazarına təsirsiz ötüşməyəcək. Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərdən məsələ ilə bağlı münasibət alıb.
İqtisadçı-ekspert Qadir İbrahimli bankların bu qərarını doğru addım kimi qiymətləndirir: "Bu gün uzunmüddətli ipoteka verilməsi bankların maraqlarına uyğun gəlmir. Maliyyə sabitliyi olmayan ölkədə bankların belə qərar qəbul etməsi normal haldır. Çünki belə bir vəziyyətdə bankların uzunmüddətli kredit verməsi onlar üçün böyük risklərə gətirib çıxara bilər. Belə olan halda artıq tikinti şirkətləri özləri daxili kreditlər hazırlayaraq alıcılara təklif edəcək və bu da əmlak bazarında fərqli qiymətlər formalaşmasına səbəb olacaq".
Ekspert onu da deyib ki, ümumiyyətlə son illər Azərbaycanda əmlak bazarında qiymətlər süni şəkildə dəyərindən ən azı 2 dəfə çox bahalaşıb: "Xaricdən gətirilən valyuta hesabına evlər baha qiymətə alınırdı. İndi isə manat dəyərdən düşüb, dolların dəyəri artıb və insanların belə bahalı evlərə verəcək pulları yoxdur. Bir müddət sonra, hətta indiki qiymətlər də enməyə başlayacaq, bir il ərzində əmlak bazarında qiymətlər tənzimlənəcək".
"Yaxın gələcəkdə bahalaşma yox, əksinə, ucuzlaşma ehtimalı yüksəkdir" — Q.İbrahimli qeyd edib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da deyib ki, daşınmaz əmlak bazarını kəskin qiymət düşməsi gözləyir: "Bazarda qiymətlər ən azı 50 faizdən çox düşəcək. Amma qiymətlərin bu ildən yox, yaxın 3 il ərzində düşməsi gözlənilir. Banklar da bunu bildiyindən uzunmüddətli kredit verərək risk etmək istəmir".
"Aydındır ki, əmlak bazarında qiymətlər çox şişirdilmişdi. Bu da xarici valyutanın ölkəyə axını ilə bağlı idi. İndi xarici valyuta axını azalıb və manat dəyərdən düşüb. Bu da şübhəsiz ki, əmlak bazarına təsir edəcək" — Həsənov vurğulayıb.
Ekspertin sözlərinə görə, bu gün evlərin qiymətinin hələ də fantastik həddə olmasının səbəbi psixoloji baryerdir: "İnsanlar şişirdilmiş qiymətləri əllərindən vermək istəmirlər. Amma bir müddət sonra insanlar məcbur qalıb evlərini ucuz qiymətə, yəni əmlakın öz real qiymətinə satacaqlar. Beləliklə, bazarda qiymətlər düşəcək".
O, başqa bir məqama da diqqət çəkib: "Nəzərə alaq ki, bankların da xeyli borcu olan müştəriləri var. Onlar da öz evlərini girov qoyub. Deməli, krediti ödəyə bilməyən çox sayda müştərilərin evləri məhkəmə vasitəsi ilə onlardan alınaraq banklar tərəfindən hərraca çıxarılacaq və bu da evlərin qiymətinin kəskin düşməsinə səbəb olacaq".
Ə. Həsənv onu da qeyd edib ki, bankların kreditlərdən imtina etməsi də bu proqnozların yaxın gələcəkdə reallaşacağına bariz nümunədir.