CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların "kökünü kəsmək" hələ ki mümkün deyil

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidPiratçılıq, arxiv şəkli
Piratçılıq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Digər qanun pozucuları ilə müqayisədə piratları müəyyən etmək çətindir

BAKI, 13 fev — Sputnik. Görülən tədbirlər nəticəsində, 2005-ci illə müqayisədə Azərbaycanda piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) 2016-cı ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında bildirilir.

© © E.Həsənovun şəxsi arxivindənVəkil Elyar Həsənov
Vəkil Elyar Həsənov - Sputnik Azərbaycan
Vəkil Elyar Həsənov

Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb, ölkəmizdə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb.

Hesabatda qeyd edilir ki, agentliyin 960 nömrəli "Qaynar xətt"i və ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olub, onların qaldırdıqları problemlərin həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, piratçılığa qarşı mübarizədə qanunvericilik bazasının yetərli səviyyədə olduğunu deyib: "Cinayət Məcəlləsinin 165-ci maddəsində müəlliflik və əlaqəli hüquqların pozulması ilə bağlı müvafiq cəzalar müəyyən edilib. Müəlliflik hüququnun pozulmasına görə, həm cinayət məsuliyyəti var, həm də Mülki Məcəllənin tələblərinə görə, şəxsə dəymiş maddi və mənəvi zərər, o cümlədən əldən çıxmış fayda məhkəmə qaydasında tələb edilə bilər".

© © KarikaturaFərasətli oğlan
Fərasətli oğlan - Sputnik Azərbaycan
Fərasətli oğlan

Mütəxəssisin sözlərinə görə, məsələnin spesifikliyi ondan ibarətdir ki, digər pozuntularla müqayisədə piratçılıq və müəlliflik hüququnun pozulmasında təqsirli şəxsləri müəyyən etmək çətindir. Piratçılıqla mübarizəyə gəlincə, hüquqşünas bunun ən səmərəli yolunun hüquq mədəniyyətinin yüksəldilməsi olduğunu deyib.

"Təqsirkar şəxsləri müəyyən etmək çətin olduğuna görə, real mübarizə üsulu bu mədəniyyətin yüksəldilməsidir. Məsələn, xarici ölkələrdə kitab nəşri ilə məşğul olan təşkilatlar özləri belə, bu işlərdən qaçır. Kimsə müraciət edib kitab nəşr etmək istəyəndə, o, ciddi şəkildə yoxlanılır. Bizdə isə belə deyil. Tutaq ki, hansısa mətbəələr göz yumub nələrisə çap edir. Yəni, məsuliyyətdən yayınırlar" — E. Həsənov bildirib.

"Hüquq mədəniyyəti yüksəldikcə, müəlliflik hüququnun pozulmasına qarşı mübarizə daha effektiv olur" — deyən hüquqşünasın fikrincə, praktik olaraq elə hüquqpozmalar var ki, onun mənşəyini müəyyənləşdirmək çətindir: "Kimsə evində oturub kompüterdə 50 diski tirajlayıb 2 manatdan satır. Hansı ki, əsli 10 manatdır. Bu işlə məşğul olan şəxs diski satan anda tutulmasa, bu, yayılacaq. Burada alan adam məsuliyyət daşımır. Satan və tirajlayan məsuliyyət daşıyır. Nəticədə, pirat məhsul geniş yayılır. Ona görə də şəxsi müəyyənləşdirmək çətin olur".

© faktxeber.comEyyub Hüseynov
Eyyub Hüseynov - Sputnik Azərbaycan
Eyyub Hüseynov

Ekspert əlavə edib ki, hüquq düşüncəsi yüksək olanda vətəndaşlar piratçılığa qarşı mübarizəyə töhfə vermiş olurlar: "Məsələn, vətəndaşa izah olunur ki, 2 manat verib saxta məhsul almaqdansa, 5 manat verib orijinal məhsul alsın. Bununla vətəndaş piratçılığa qarşı mübarizəyə töhfəsini vermiş olacaq. Bunun üçün insanların iqtisadi imkanları da genişlənməlidir. İnsanların gəliri yaxşı olanda, pirat məhsul almır. Hüquq mədəniyyəti yüksək olanda orijinal məhsul alırlar ki, pul müəllifin cibinə getsin, sabah müəllif daha yaxşı məhsul ortaya qoya bilsin".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında, açıqlanan rəqəmləri real hesab etmədiyini deyib: "Çünki hər gün kitab, audio-video disklər, proqramlar ilə bağlı Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir. Hətta, "Microsoft"un ölkəmizdəki nümayəndəliyi yanıma gəlib ki, "bizim kompüter proqramlarını piratçılıqla əldə ediblər" və sair".

Onun sözlərinə görə, agentliyin fəal işi gözə görünmür: "Məsələn, görməmişik ki, hansısa 10 min video-diski yandırsınlar, məhv etsinlər və oraya ictimaiyyəti çağırsınlar".

"Dəfələrlə bir neçə müğənni ilə söhbət etmişəm ki, təmənnasız olaraq hüquqlarınızı qoruyan təşkilat yarada bilərəm. Təəssüf ki, buna da dəstək verən yoxdur" — E. Hüseynov qeyd edib.

AİB sədri digər bir problemin xaricdən gətirilən dini kitablarla bağlı olduğunu diqqətə çatdırıb: "Müvafiq qurumlar bunun yığışdırılması ilə bağlı müəyyən işlər aparır. Lakin, bu kitablar kserokopiyadır? Bunların satışından nə qədər gəlir əldə edilir və hara gedir? AİB olaraq bu məsələlər bizi qayğılandırır".

Xəbər lenti
0