BAKI, 13 fev — Sputnik. İngilis iqtisadçısı, alim-demoqraf, kilsə xadimi Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Maltus Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi alıb və kənd keşişi işləyib. 1807-ci ildə o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi alıb.
Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmayıb, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanıb.
Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin rəqəm sırası kimi — 2, 4, 8, 16, 32, 64 … arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə — 1, 2, 3, 4, 5, 6, 7… arta bilər. İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar. Üç əsrdən sonra isə 4096-nın 13-ə olan nisbəti kimi olar. İki min ildən sonra isə bu nisbət sonsuz olar və hesablanması qeyri-mümkün olar"