İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 fev — Sputnik. Deyirlər ki, gözdən uzaq olan, könüldən də uzaq olar. Görünür, paytaxtın Sabunçu qəsəbəsi də gözlərdən uzaq olduğu üçün, könüllərdən də uzaqda qalıb. Palçıqlı, kələ-kötür yollar, çirkli bazar, görkəmindən yoxsulluq yağan qəsəbə.
Deyəsən, bu qəsəbə və qəsəbə sakinlərinin varlığından aidiyyatı qurumlar xəbərsizdir. Ara-sıra yolum Sabunçudan düşəndə ətrafa baxıram ki, bəlkə təmir işləri gedə hardasa. Amma yox!… Sabunçunu 5-6 il əvvəl necə görmüşdümsə, eləcə də qalıb — çirkab-üfunət içində.
Sabunçu bazarı əvvəllər kasıbların büdcəsinə uyğun məşhur bazar olub. İndi də elədir — 15 il əvvəl olduğu kimi. Həftənin 5 günü meyvə-tərəvəz satılan bazarda şənbə-bazar günləri pal-paltar, ayqqabı satılır. İkinci, üçüncü, bəlkə də beşinci əl geyilmiş paltarlar.
Bu həftə yenə yolumu Sabunçudan saldım — həmin o, üfunətli bazardan. Bir neçə gün əvvəl qar yağdığı üçün bazar palçıq, lil-çirkab içində idi. Buna baxmayaraq, bazarın daimi alverçiləri iş başındaydılar.
"Bu halımdan da istifadə edirlər"
Zöhrə xalanın 66 yaşı var. Əslən gürcüstanlı olsa da, uzun müddətdir Bakıda kirayədə yaşayır. İki oğlu, yeddi nəvəsi var. Amma…
"İş yoxdur, uşaqlarım heç yerdə işləmirlər. Yeddi nəvəmi mən saxlayıram. Əvvəllər kişi sağ idi, dayağım idi. Bir neçə il öncə dünyasını dəyişdi. Mən də qaldım tək. Dayağım yox, kimsəm yox. Burdan qazandıqlarımla saxlayıram uşaqları" — deyir.
Qadın bu bazarda uzun illərdir alver etdiyini bildirir. Həyat yoldaşı sağ olanda ona kömək olurmuş. Onu itirəndən sonra ruzisinin də azaldığını dilə gətirir: "Malları gətirib bazarda mənə satırlar. Baxıram mala — yaxşıya yaxşı qiymət verirəm, pisə də pis. Bayaq biri xeyli paltar gətirmişdi. Dedi, "15 manat ver", dedim, "yox bala, burada 15 manatlıq mal yoxdur". Razılaşdıq 13 manata. Xırdam yox idi, 20 manat verdim ki, xırdala pulunu çıx, qalanını gətir. O gedən getdi. Ayağa da durub gəzə bilmirəm ki, görüm hara getdi".
Satıcı qadın danışır ki, burada mallar 1-5 manat aralığında satılır. Məsələn, kişi gödəkcəsini 5 manata, qadın alt geyimlərini 1 manata almaq mümkündür. Amma 1-5 manat verib almaq əvəzinə malları oğurlayanlar da tapılır.
"İki gün əvvəl qəşəng bir gödəkcəni kim oğurladı, bilmədim. 5 manat qazana bilərdim. Nə deyim bala, bu halımdan da istifadə edən varsa, mən nə deyə bilərəm?" — həmsöhbətimiz köks ötürür.
Zöhrə xala, çayçının gətirdiyi çaydan bir qurtum alıb, sözünə davam edir. Deyir, əvvəllər bazarda icarəyə götürdüyü yer üçün gündəlik 1 manat verirlərmiş. İndi isə bunu iki manata qaldırıblar. Bu da satıcılar üçün problem yaradır: "Biz burdan nə qazanırıq, axı? Nə bilim bala, yaşamırıq, gün sayırıq. 150 manat kirayəpulu verirəm və yeddi uşağın yeməyi. Harda qırılar, qırılar".
Fərqli hallar, fərqli talelər
Bazarda hər şeydən çox bığları ilə diqqət çəkən Məhəmməd dayının isə kefi kök idi. Deyir, 15 ildir bu bazarda kitab, suvenir və xırdavat satır. Bığına görə bir neçə dəfə onu müxtəlif proqramlara da çəkiblər. Şəkil çəkdirməyə çox maraqlıdır. "Şəkillərimi çıxara bilsən, gətirərsən" deyir. Alverə gəldikdə, Məhəmməd kişi alverindən narazı deyil. Əksinə, şükür edir ki, ən azından çörək pulunu qazana bilir.
Məhəmməd kişinin piştaxta yoldaşı Niyazi də alverdən narazı deyil: "Bizim də mal aldığımız adamlar var. Gətirirlər, alırıq, üzərinə bir az pul qoyub satırıq. Onu da deyim ki, mallarımın hamısı xarici mallardır. Mən Çin malı satmaram".
Mələk adlı xanım isə burada sahibkar olduğunu deyir: "Bu piştaxta da, o biri də mənimdir. Anbarım da burdadır. Qızı ərə verəndən sonra onkoloji əməliyyat olundum. Özüm işləyə bilmirəm daha. Gəlib baş çəkib gedirəm".
Mələk xanım da alverindən narazı deyil. Deyir, burdan qazandığı ilə ürəyi istədiyi hər şeyi ala bilir.
Ancaq vəziyyətin acınacaqlı olduğunu dilə gətirənlər də az deyildi. Məsələn, başqalarından fərqli olaraq, satıcı Gülnar bizdən gizlənmir, "Çəkin, yazın, bəlkə bizə də gün ağlayan tapılar" deyir.
Gülnar burada büllur qabların satışı ilə məşğuldur. Onun alver etdiyi yerdə yağış suları gölməçə yaratmışdı.
Alıcıların ümid yeri
Alıcılar isə bazardan razıdırlar. Qızı ilə bazara gələn Nihadə xanım deyir ki, uşaqları üçün buradan geyim alır: "Uşaq tez böyüyür. Bu gün aldığın geyim sabah əyninə olmur. Buna görə də çox zaman buradan alıram. Yuyub, xlorlayıram, geyindirirəm. Yoldaşım fəhlədir, qazandığı yeməyimizə ancaq çatır. Bəzən fikirləşirəm ki, bu bazar olmasaydı, uşaqlarım nə geyinərdi?"
Samir isə tikintidə işləyir. Deyir ki, özünə təzə ayaqqabı almağa gücü çatmadığı üçün bu bazara gəlib: "Pal-paltara ehtiyacım olanda bura gəlirəm. İstədiyim hər şeyi 10 manata alıb gedirəm. Evdə anam yuyur, heç kim də bilmir ki, hardan geyinirəm. Bəzən aralarında xaricdən gətirilmiş geyimlər də olur. Onda daha çox sevinirəm. Bu gün də gəlmişəm ayaqqabı alım. Amma hələ ki, tapmamışam".
Bu bazarda hər şey tapmaq mümkündür: Geyilmiş ayaqqabılar 3 manat, geyilmiş şalvarlar 2 manat, uşaq paltarları beşi 1 manat, oyuncaqlar 1-3 manat, qab-qacaq 1-5 manat…
Sabunçuda yaşayanların da, işləyənlərin də vəziyyəti acınacaqlıdır. Çünki ərazi yay-qış zir-zibil, palçıq, lil-çirkab içində olur. Aidiyyatı qurumlar isə ancaq göz önündə olan qəsəbələrin göz önündə olan hissəsi ilə maraqlanır.