Azər Allahverənov: “Onların Azərbaycana vəsait gətirmələri müsbət haldır”
Müxtəlif xarici ölkələrin ayrı-ayrı ali məktəblərində təhsil alan Azərbaycan gəncləri universitetləri bitirəndən sonra ölkəyə qayıtmır. Onların əksəriyyəti elə təhsil aldığı ölkədə qalıb işləyir. Hətta Azərbaycanda təhsil alan gənclərin də bir hissəsi sonradan xaricə üz tutur.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, miqrasiya prosesi daim olub: “Əgər daimi əsaslarla ölkə ərazisini tərk etmək məsələsi yüksəkdirsə, bu, həyacan təbili çalmaq üçün olan bir məsələdir. 2008-ci ildən Azərbaycanın miqrasiya saldosu müsbətdir. Yəni imiqrasiya templəri emiqrasiya templərindən daha yüksəkdir. O baxımdan, bu bizim üçün Ermənistanda olduğu kimi faciəvi deyil”.
“Azərbaycanı tərk edən insanlar müvəqqəti əsaslarla yaxın ölkələrə gedib əmək fəaliyyəti ilə məşğul olan insanlardır ki, onlar il ərzində bir neçə dəfə öz ölkəsinə qayıdırlar. Əslində, onların orada qazandıqları vəsaiti Azərbaycana gətirmələri yaxşı bir haldır” — deyə o bildirib.