BAKI, 12 fev-Sputnik. Fevralın 13-də qar, duman və yolların buz bağlaması ilə müşayiət olunacaq sərt hava xəbərdarlığı gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.