Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
BAKI, 9 fev — Sputnik. Xalqımızın milli mədəniyyət xəzinəsində xalq dekorativ-sənət nümunələrinin özünəməxsus yeri var. El sənətkarlarımız qeyri-adi poetik təxəyyülü və realizmi özündə birləşdirən, yüksək estetik idealın və humanizmin təcəssümü olan, insanın xeyirxahlığa və kamilliyə yönəlmiş əbədi istəyini əks etdirən əsl sənət əsərləri yaradıblar.
Xalq tətbiqi sənət növləri arasında xalçaçılıq daha çox məşhurdur. Zəngin təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, xalqının özünəməxsus bədii düşüncəsi, həyat və məişəti, yeniliyə, nəcib əməllərə canatım hissi Azərbaycanda xalı sənətini hələ uzaq keçmişlərdən başlayaraq insan fəaliyyətinin vacib sahələrindən biri kimi üzə çıxarıb. Məlumdur ki, xalça dekorasiya və ya soyuqdan qorunmaq məqsədilə yun və ya ipək saplardan toxunan, naxışlı, qalın parça növüdür. Müxtəlif naxış elementləri və təsvirləri ilə bəzədilən xovlu və xovsuz xalçalar, yaşayış yerlərinin və ictimai binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb etdiyindən muzeylərdə də saxlanılır.
Azərbaycan xalçaları barədə "tarixin atası" Herodotdan başlamış çoxsaylı tarixçi, səlnaməçi və səyyahların qeydlərində, "Kitabi-Dədə Qorqud" eposunda, Əbül Üla Gəncəvinin, Nizaminin, Xaqaninin əsərlərində məlumat var. Azərbaycan xalçalarının ən yaxşı nümunələri dünyanın möhtəşəm mədəniyyət məbədlərində, ölkəmizdə isə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində nümayiş olunur. Əyalətlərimizdəki mədəniyyət müəssisələri də bu sarıdan kasad deyil.
Oba köçüb, məktəb qalıb…
Saatlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan bir xalça barədə danışacağıq. O, 19-cu əsr Şirvan məktəbinə aid edilən xovlu "Muğan" xalçasıdır.
Eksponatı bizə təqdim edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, tanınmış rəssam Sürəyya Muğanlı (Zeynalova), əvvəlcə muzeyin incisinin təsnifat mənsubluğu barədə məsələyə aydınlıq gətirir: "Azərbaycanda Muğan adını daşıyan xeyli sayda kənd var. Buna görə bəzən səhv bir fikir yaranır ki, bu xalçalar məhz həmin kəndlərdən çıxıb. Əslində söhbət Kür ilə Araz çayları arasında yerləşən böyük ərazidən və burada mövcud olmuş mədəniyyətdən gedir. "Muğan" xalçaları məhz elə ərazi nöqteyi-nəzərdən Şirvan məktəbinə aid edilir. Amma toxunma texnikasına görə o, fərqlidir".
"Muğan" sözü dilə gələndə, xalça bir kənarda qalır, sənət bilicisi tarixdən bəhs edir: "Nəzərə alınmalıdır ki, Muğan sadəcə bir düzən, ərazi deyil. Tarixi mənbələrdə Muğan adlı bir vilayət və eyni adlı şəhər barədə xeyli məlumatlar var. Orta əsr ərəb müəllifləri Muğanın, Xəzər dənizi sahilindəki iki çay arasında yerləşdiyini bildiriblər. Məndə əminlik var ki, Muğanda Muğ tayfası yaşayıb və onların kökü 12-14 min il əvvəl yeraltı təkanlar nəticəsində Sakit okeanın dərinliklərinə gömülən Mu qitəsinə gedib çıxır".
Xalça üzərində gələcəyə ötürülən şifrəli informasiya
Sürəyya xanımın sözlərinə görə, bu xalça qədim və zəngin sivilizasiya barədə çox qiymətli informasiya verir: "Mular Allahın varlığı, dünya və kainat haqqında məlumatları rəmzi işarələrlə ötürüblər. Xalçanın ortasında "8 guşə" kimi görünən detal, əslində 4 "üçlük"dür. Üzü yuxarıya doğru olan üçbucaq Allahın nəzərinin daim insanların üzərində olması, üzü aşağıya olan isə Allaha qovuşmaq üçün yenidən doğulmağın anlamıdır. Burada 4 ünsür və ruh, eləcə də dünyanın mizan-tərəzi üzərində qurulmağı da əks olunub".
"Xalçamızın üzərindəki Ay və Günəşin birgə fiquru çox nadir elementdir. Burada Tanrı kişi və qadının vəhdətində verilib. Onun kişi tərəfi Günəş, qadın tərəfi isə Aydır. Qitə məhv olduqdan sonra tarixin sonrakı dönəmlərində bu rəmzi işarələrin mənaları başa düşülmədiyindən, onların hər biri Allah kimi qəbul edilib və beləliklə, çoxallahlılıq meydana gəlib. Əslində Mular təktanrılıdırlar" — müsahibimiz bildirir.
O, əlavə edir ki, Mu qitəsinin rəmzi işarələri türkdilli xalqların əsas simvollarından birinə çevrilib, o cümlədən dövlət gerbimizdə də əks olunub.
Şəhərlər, ölkələr gəzən xalça öz ünvanına qayıdıb
Tarixə ekskurs təşkil etdiyindən və mifologiyaya söykəndiyindən biz bu xalçanı "uçan" adlandırmadıq. Muzey direktorunun sözlərinə görə, xəbərləri olmadan onun bu məkandan kənara çıxaraq min kilometr uzaqlara gedib-gəldiyi vaxt da olub: "Xalça qiymətli olduğundan, onu ələ keçirməkdən ötrü 1996-cı ildə muzeyə basqın edilmişdi. Oğrular bu sənətin biliciləri olduğundan, çoxsaylı qiymətli eksponatlar arasından yalnız üç xalça götürmüşdülər. Biri bu "Muğan" idi, ikisi isə "Qarabağ məktəbi"nə aid edilən xalçalar. Az vaxt ərzində onlardan ikisi ölkədən çıxarılmışdı. Beynəlxalq axtarışla tapılıb öz ünvanına qaytarıldı".