BAKI, 11 fev — Sputnik. Yeni Zelandiyanın Cənub Adası sahillərinə çıxan 400-dən çox balinanın 70 faizi həyatını itirib.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, sahil təhlükəsizlik işçiləri və yüzlərlə könüllü balinaların ölməməsi üçün səfərbər olmasına baxmayaraq yalnız 100-ə yaxını xilas edilib.
Bu kimi hadisələrlə tez-tez qarşılaşmaları səbəbiylə balinalara necə müdaxilə edəcəklərini bildiklərini ifadə edən bölgə sakinləri, bu dəfə sahilə çıxan balinaların sayının olduqca çox olduğunu söyləyiblər.
Yeni Zelandiya tarixindəki ən böyük balina faciəsi isə 1918-ci ildə 1000-ə yaxın balinanın Chatham Adalarında sahilə çıxdığı hadisədir.
Balinaların özünü sahilə atmasının səbəbi hələ bilinmir, ancaq mütəxəssislər iki məşhur nəzəriyyə üzərində dayanır.
Bunlardan birincisi balinaların ovlarını dayaz sulara qədər qovması və dənizdə suyun çəkilməsiylə gəldikləri bölgəyə geri dönə bilməməsi, digəri isə aralarındakı xəstə bir balinanı qorumağa çalışmasıdır.