BAKI, 11 fev — Sputnik. Alkoqollu içkilər bazarında kəskin rəqabət hökm sürür. Ticarət şəbəkələrinin satıcılarının dediyinə görə, Rusiyada arağın qiymətində baş verən istənilən artım Rusiya istehsalçılarına mənfi təsir göstərir.
RF-nın maliyyə naziri araqların pərakəndə satış qiymətlərinin 8% artırılmasını təklif edir. Bu hər 0,5 litrlik araq şüşəsinə 205 rubl (Azərbaycan Mərkəzi Bankının kursuna uyğunlaşdırsaq, 6,3 manat — red.) əlavə edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sənəd Rusiyanın Normativ Hüquqi Aktların Layihələri hökumət portalında əksini tapıb.
Buna qədər isə arağın minimal buraxılış qiyməti 173 rubl, topdansatış qiyməti isə 178 rubl idi.
Sputnik Azərbaycan-ın əməkdaşı bununla bağlı Azərbaycanın alkoqollu içki istifadəçiləri və satıcıları arasında sorğu keçirib. Sorğu iştirakçılarının Rusiyada arağın qiymətlərinin qalxmasından narahat olmadıqları ortaya çıxıb. Onların sözlərinə görə, Azərbaycanın şərabçılıq şirkətlərinin buraxdığı məhsullar Rusiyanınkından fərqlənmir, eyni zamanda qiymətləri də 2-2,5 dəfə ucuzdur.
Misal üçün, ticarət şəbəkələrində 0,5 litr araq 3,5-6 manat aralığında satılır. Amma idxal olunmuş eyni həcmdə araqların qiyməti isə 12-16 manatdır.
Bununla yanaşı, unutmaq lazım deyil ki, hazırda Azərbaycanda Rusiyanın içki məhsulları ilə Ukrayna istehsalı olan alkoqollu içkilər də kəskin rəqabət aparır. Son zamanlar isə bu rəqabətə Belarusdan gətirilən içkilər də girişib. Yeri gəlmişkən, idxal olunmuş məhsullarla bağlı aparılan antitəbliğatın da bunda rolu olub. Xüsusilə son vaxtlar Rusiyada saxta araqlardan əhalinin zəhərlənməsi ilə bağlı telekanallarda gedən süjetlər burada öz rolunu oynayıb.
Spirtli içkilər bazarının iştirakçılarının bildirdiyinə görə, bu gün yerli araqların qiymətinin qalxmasına səbəb olacaq yeganə amil milli valyutanın kursunun dollar qarşısında zəifləməsidir. Çünki Azərbaycandakı zavodlarda istifadə olunan spirt ölkəyə idxal olunur.
Son günlər isə milli valyuta möhkəmlənir. Əgər Rusiyada spirtin qiyməti qalxsa, Azərbaycanın alkoqollu içki istehsalçıları xammalı Ukrayna, yaxud da Belarusdan gətirməli olacaqlar.
Bu mənada, Rusiya araqlarının qiymətlərinin qalxması rus istehsalçıların Azərbaycan bazarından əldə etdikləri gəlirlərinin azalmasına səbəb olacaq, Ukrayna, Belarus və digər ölkələrdən olan istehsalçıların isə gəlirləri artacaq. İdxal olunan arağın qiymətləri cari intervalda qalacaq, aşağı qiymətli və keyfiyyətli yerli araqlara isə həvəskarlar daha az pul ödəyəcəklər. Etiket və imicə görə isə daha çox pul ödəmək lazım gələcək.