BAKI, 10 fev — Sputnik. "Son günlər formalaşmış daxili və xarici faktorlar manata müəyyən qədər dəstək olur. Dünya bazarlarında ABŞ dollarının mövqeyini nisbətən zəiflətməsi, eyni zamanda, neftin qiymətinin son bir neçə ayda 55 dollar ətrafında müəyyənləşməsi, Azərbaycanın ticarət tərəfdaşlarında milli valyutaların möhkəmlənməsi manatın vəziyyətinə təsir edir".
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, ölkədə dollarlaşma səviyyəsinin son dövrlərdə kifayət qədər sürətlə davam etməsi, ilin ilk günlərindən büdcə xərcləmələrinin azlığı səbəbindən dövriyyədə manat kütləsinin bir qədər az olması daxili faktorlara bağlıdır: "Valyuta bazarı iştirakçılarında 2 manatlıq psixoloji hədlə bağlı yaranmış qənaəti də bura əlavə etmək olar. Çünki bu da mühüm faktorlardandır. Son hərraclar kifayət qədər həssas hesab olunurdu. Əgər manatın məzənnəsi bazar iştirakçılarının gözlədiyi kimi 2 manatlıq həddi az da olsa keçsəydi, bu zaman bazarlarda ciddi psixoloji təzyiq formalaşacaqdı. Nəticədə manat bir neçə gün ərzində kəskin şəkildə dəyər itirəcəkdi".
"Əks prosesdə də anoloji vəziyyət müşahidə olunub. Faktiki olaraq, Mərkəzi Bankın bir neçə gün öncə məzənnəni müəyyən qədər möhkəmlətməsi artıq bazar iştirakçılarında qənaət formalaşdırdı ki, manat bundan sonrakı dövrdə ən azından bir müddət bahalaşacaq" — Həsənov bildirib.
Ekspert hesab edir ki, Mərkəzi Bankın 2015-ci ilin dekabrından indiyədək davranışları proqnozlaşdırılandır: "Cəmi 6-7 dönüş nöqtəsi olub və hər birində də bir müddət bu proses — manatın ucuzlaşması və möhkəmlənməsi davam edib. Manatın ucuzlaşması və möhkəmlənməsi bir-birini əvəz edib. Bu da bazar iştirakçılarında proqnozlaşdırma imkanını artırır və onlar müvafiq dövrlərdə alış və satış mövqeyinə keçiblər".
R. Həsənov qeyd edib ki, manatın möhkəmlənməsində müşahidə olunan temp aşağı düşəcək: "Lakin hələlik bir müddət — təxminən 1-1,5 ay məhz bu tendensiyanın təsirləri altında manat təxminən 1.65-1.75 səviyyəsində olacaq. Sonradan isə yenidən tələbin artması nəticəsində manatın dəyərsizləşməsi prosesi başlayacaq".
İqtisadçı-ekspert Samir Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, manatın möhkəmlənməsinin fundamental əsası yoxdur: "Manatın bahalaşması uzunmüddətli və dayanıqlı deyil. Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar. Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişib. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə edib və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar".
Ekspert bildirib ki, manatın bahalaşmasının digər səbəbi xarici borcların qaytarılmasıdır: "Hər il olduğu kimi, bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfdən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Manatın ucuzlaşması həmin borcların qaytarılmasında çətinlik yaradır".
"Digər bir səbəb büdcə xərclərinin azlığıdır. Bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. İqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur" — Əliyev bildirib.
İqtisadçının sözlərinə görə, Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki "makroiqtisadi sabitlik" vəsaiti valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək: "Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasından yaranan kəsiri ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır".
S. Əliyev deyib ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil: "Gözlənilməz proseslər baş verməsə, hökumət 2017-ci ildə manatın məzənnəsini rahatca idarə edə biləcək. Bu, manatın möhkəmlənməsi və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir".
Ekspertin fikrincə, indiki zamanda vacib olanı manatın sabitliyidir: "Çünki bütün qiymətlər 1.90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1.70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə, sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır. Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşahidə ediləcək".