BAKI, 10 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.
Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb:
Komissiyanın sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.