İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 10 fev — Sputnik. Ölkəmizin müxtəlif bölgələrində qədim alban tarixinin izini daşıyan məbədlər var. Onların bəziləri təmir olunaraq turistlərin ixtiyarına verilsə də, bir sıra alban abidələri baxımsız vəziyyətdədir.
Bərbad vəziyyətdə olan məbədlərin taleyi də sanki bir-birinə bənzəyir. Baxımsızlıq, uçub-tökülmək, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu abidələri qorumaq cəmiyyətin və dövlətin mənəvi borcudur. Lakin "dövlət tərəfindən qorunan" bu mədəniyyət nümunələrinin mühafizəsi heç də ürəkaçan deyil.
Oğuz rayonu ərazisindəki qədim alban məbədləri tarixə qovuşmaq üzrədir. Rayonun mərkəzində yerləşən, 6-cı əsrə aid alban məbədi yaxın vaxtlara qədər Oğuzda yaşayan udinlərin ibadət yeri idi. Ancaq son illər baxımsızlıqdan həmin abidə uçmaq təhlükəsi altındadır.
Məbədin divarları aşınıb, dam örtüyü bərbad vəziyyətdədir. Əslində, son 25 ildə abidə iki dəfə restavrasiya olunub. Birinci dəfə bərpa işləri aparılanda sadəcə dam örtüyü yenilənib, ikinci dəfə isə məbədin içəri hissəsini təmir ediblər. Ancaq kaş etməyəydilər. Çünki qədim tikilinin içərisində uçan divarlara suvaq vurulub və nəticədə məbədin tarixi görkəmindən əsər-əlamət qalmayıb.
Rayonda yerləşən digər alban məbədi "Qala Piri" adlanır. Bu gün məbəd ancaq uzaqdan ibadət yerini xatırladır. Məbədin içəri hissəsi isə tövlədən fərqlənmir. Ətrafda yaşayan sakinlər burada öz heyvanlarını saxlayırlar.
Baxımsızlıqdan bu məbədin də divarlarının bəziləri uçub, bəzilərində isə böyük çatlar yaranıb. Məbəddə mehrab yeri uçub və ilkin formasını itirib. Yerli sakinlər bildirirlər ki, 1992-ci ildə bu alban kilsəsini Azərbaycanın xristian udin icmasının mədəniyyət nümunəsi kimi bərpa etməyə başlayıblar. Amma sonra təmir dayandırılıb və məbədin binası indi daha surətlə dağılır, nəinki bərpa edilən dövrə qədər.
Kilsə təkcə dini ayinlərin icra yeri yox, həm də uzun illər müxtəlif bayramların, başqa kütləvi mərasim və tədbirlərin keçirilmə yeri olub. Bir zamanlar məbədlərin ətrafında bayram yarmarkaları təşkil olunardı və bütün ətrafdakı xristian və müsəlman əhali bir yerə toplanardı.
Bu gün isə abidənin arzuolunmaz vəziyyətdə olması ən çox yerli sakinləri narahat edir. Mədəniyyət və Turizm Nazirliyindən məsələni diqqət mərkəzində saxladıqları bildirilsə də, hələlik ortada real iş yoxdur.
Qeyd edək ki, ümumilikdə Oğuz rayonu ərazisində 6 alban məbədi mövcuddur və həmin məbədlərin heç biri indiyədək tam tədqiq edilməyib.