BAKI, 9 fev — Sputnik. Amerika hökumətinin ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş verən terror aktının əsas təşkilatçısı saydığı Xalid Şeyx Mohammedin 18 səhifəlik məktubu yayılıb.
Sputnik Azərbaycan-ın Miami Herald qəzetinə istinadən verdiyi məlumata görə, məlumat ölkənin eks-prezidenti Barak Obamaya ünvanlanıb.
Məktubda Mohammed bildirib ki, 11 sentyabr terror aktına görə Vaşinqton günahkardır. O, Vaşinqtonun xarici siyasətini hədəfə alaraq onu “bütün dünyada günahsız insanları öldürməkdə” günahlandırıb.
11 sentyabr hadisələrini şərh edən Mohammed yazıb ki, “sizin əleyhinizə müharibəni biz başlamamışıq, bunu siz özünüz və sizin diktatorlarınız bizim ölkədə başlayıb”.
Mohammed öz məktubunda Obamaya “ilanların başı” və “zülm və tiraniya ölkəsinin prezidenti” deyə xitab edib.
Sözügedən məktuba 2015-ci ilin yanvar tarixi qoyulub. Əvvəlcə Quantanamo nəzarətçiləri Mohammedin məktubunu yollamaqdan imtina ediblər. Bu ilin sentyabrında isə vəkil günahlandırılan şəxsin prezidentə müraciət etmək hüququnu xatırladaraq hakimdən bu məsələyə müdaxilə etməyi xahiş edib. Nəticədə hərbi məhkəmə buna razılıq verib.
Məktubda terrorçu həmçinin qeyd edib ki, ölüm hökmündən, ömürlük həbs cəzasından qorxmur və “heç vaxt mərhəmət üçün xahiş etməyəcək”.
"Mən böyük məmnuniyyətlə kamerada qalan ömrümü günahlarımın bağışlanması və tövbəmin qəbul olunması üçün Allaha dua etməklə keçirəcəyəm. Əgər məhkəmə mənə ölüm cəzası kəssə, mən yenə də böyük məmnuniyyətlə Allaha və peyğəmbərə qovuşacağam, sizin bütün dünyada ədalətsiz olaraq öldürdüyünüz dostlarımla görüşəcəyəm, şeyx Üsəma ben Ladeni görəcəyəm” – terrorçu yazıb.
Küveytdə anadan olmuş Mohammed öz məktubunda ABŞ-ı “İraqdan İrana, Vyetnamdan Xirosimaya qədər” bütün xarici ölkələrin işlərinə qarışmaqda ittiham edib.
Vəkilinin sözlərinə görə, o, məktubu 2014-cü ildə, İsrail Qəzza zolağında hərbi əməliyyatlar keçirərkən yazıb. “Qəzza zorakılığı” məktubun yazılmasının əsas motivi olub. Məktubun əvvəlində o, Obamaya yazıb ki, “sizin əllərinizdə hələ də bizim qardaşlarımızın, bacılarımızın, uşaqlarımızın, bu regionda öldürülən hər kəsin qanı var”.