BAKI, 9 fev — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Hövsan qəsəbəsində boğulmuş qadın cəsədi tapıblar. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Rəhimova Zülfiyyə Əli qızı Sahil küçəsində yerləşən evində öldürülüb. Qadının meyiti 9 yaşlı qızının müəlliməsi tərəfindən aşkarlanıb.
Adətən Rəhimova qızını məktəbdən özü götürürmüş. Fevralın 8-də isə o, uşağı gətirmək üçün məktəbə getməyib. Buna görə də, müəllimə qızı özü evə gətirib və dəhşətli mənzərə ilə rastlaşıb.
Patoloqoanatomların müayinəsi zamanı məlum olub ki, qadını boğaraq öldürüblər. Rəhimovanın səhər 10-11 radələrində öldüyü məlum olub.
Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin əməliyyatçıları dərhal şübhəli şəxsi saxlayıblar. Məlum olub ki, bu şəxs qadınla birgə yaşayan 1993-cü il təvəllüdlü Sabirabad rayon sakini Paşa Cəbrayılovdur. Saxlanılan şəxs cinayəti etiraf edib.
Hazırda rayon prokurorluğu cinayətin motivlərini araşdırır.