CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların yoluna çıxanları 100 manat cərimə gözləyir

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Fransada təcili yardım avtomobilinin xəstəyə çatma müddəti 8 dəqiqədir. Azərbaycanda isə bu müddət 15-20 dəqiqəyə bərabərdir.

BAKI, 9 fev — Sputnik. Ölkədə xüsusi təyinatlı avtomobillər üçün ayrılmış yollar olmadığına görə, Təcili-Tibbi Yardım, Yanğından Mühafizə Xidməti avtomobilləri və digər xüsusi təyinatlı avtomobillər maneələrlə qarşılaşır. Bu maneələr çox zaman digər nəqliyyat vasitələri tərəfindən yaradılır. Avtomobillər uzun müddət tıxaclarda, sıxlıqda qaldığına görə, xidmət göstərməyə də gecikirlər. Yanğından Mühafizə Xidmətinin avtomobili yanğın bitdikdən, Təcili-Tibbi Yardımın avtomobili isə iş-işdən keçdikdən sonra çağırış yerinə çatır.

© Sputnik / Irade JELILDaxili xidmət polkovniki Rasim Kərimov
Daxili xidmət polkovniki Rasim Kərimov - Sputnik Azərbaycan
Daxili xidmət polkovniki Rasim Kərimov

"Yanğın bitəndən sonra gəlirsiniz"

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rasim Kərimovun sözlərinə görə, ölkə ərazisində vətəndaşlar tərəfindən yanğınsöndürmə xidmətinə heç bir maneələr yaradılmır: "Biz belə problemlərlə qarşılaşmırıq. Əksinə, bəzi təsərrüfat obyektləri var ki, yanğın hadisələri zamanı biz onların ehtiyat su hovuzlarından istifadə edə bilirik".

"Bildiyiniz kimi, bəzi obyektlərin yanğın təhükəsizliyinə qarşı xüsusi su hovuzları olur. Belə obyektlərin yaxınlığında yanğın hadisələri baş verdiyi zaman biz onların ehtiyatlarından istifadə edirik və sonra suyun istifadəsi barədə onlara arayış veririk. Belə hadisələrlə qarşılaşmışıq. Məsələn, taxta sexlərində yanğın hadisələri zamanı belə hal olub. Amma bilərəkdən yanğın söndürmə xidmətinin avtomobillərinə maneələr yaradılması halları ilə qarşılaşmamışıq" — polkovnik Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

© Sputnik / Irade JELILBakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev - Sputnik Azərbaycan
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Zaur Əlisgəndərovun sözlərinə görə isə, yanğınsöndürmə xidmətinin avtomobillərinin yollarda avtomobil sıxlığı ilə qarşılaşdıqları zaman belə problemlər yaşanır: "Ölkədə xüsusi təyinatlı avtomobillər üçün xüsusi yollar olmadığından, bəzən xidmət avtomobilləri də tıxaca düşə bilir. Bəzən olur ki, avtomobillər yol vermir".

Təcili yardım gecikirsə…

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyevin sözlərinə görə isə, təcili yardım avtomobillərinə yollarda süni maneələr yaradılır: "Bu, əsasən pik saatlarda baş verir. Təcili yardım avtomobillərinə, əsasən yollarda problem yaranır. Tıxaclar, sıxlıq təcili yardım avtomobillərinin gecikməsinə səbəb olur. Buna görə də biz avtomobillərin önünə kamera quraşdırmağı planlaşdırırıq. Kamera quraşdırılarsa, təcili yardım avtomobilinə yol verməyən avtomobillərə qarşı DYP tərəfindən ciddi tədbirlər görülə bilər".

"Digər ölkələrdə tıxac olsa belə, sanitar avtomobillərə yol verirlər. Bütün avtomobillər hər bir şəraitdə — sıxlıq, tıxac olsa belə — təcili yardım avtomobilinə yol verməlidir. İnsanlar başa düşməlidirlər ki, təcili yardım avtomobili ya xəstəyə yardım üçün tələsir, ya da avtomobildə xəstə var, o, xəstəxanaya yerləşdirilməlidir" — Nağıyev qeyd edib.

Müsahibimiz bildirir ki, Fransada təcili yardım avtomobilinin xəstəyə çatma müddəti 8 dəqiqədir: "Azərbaycanda isə bu vaxta yetişmək mümkün deyil. Çünki nəqliyyat vasitələrinin hərəkəti təcili yardım avtomobillərinə çətinlik yaradır. Hər bir sürücü nəzərə almalıdır ki, təcili yardım avtomobili xəstəyə tez çatmaqla onun həyatını xilas edə bilər. Bizdə bu müddət 15-20 dəqiqəyə bərabərdir. Biz çox istərdik ki, hər bir xəstənin yardımına vaxtında çata bilək. Amma təəssüf olsun ki, bəzən texniki səbəblərdən avtomobillərin çatma müddətində gecikmələr olur".

Sürücülər yol vermirlər

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Təcili tibbi yardım
Təcili yardım avtomobilinin sürücüsü İnşallah Cəfərov deyir ki, onlara, əsasən yollarda problem yaranır: "Hamısına aid deyil. Amma çox sürücülər var ki, təcili yardım avtomobillərinə məsuliyyətsiz yanaşır, yol vermirlər. Sürücü başa düşməlidir ki, təcili yardım avtomobili həyat qurtarmağa tələsir, kefə getmir. Amma təəssüf ki, bunu bəzi sürüclər başa düşmək istəmirlər".

 

İ. Cəfərovun sözlərinə görə, pik saatlarda tıxaclı yollar əvəzinə alternativ yollardan istifadə edilir: "Lazım olduğu zaman işıqforun qırmızı işığında keçərək xəstəyə yardıma tələsirik. Bunu da o vaxt edirik ki, yol boş olsun. Ancaq kimsə qəsdən süni maneə yaratmır bizə. Keçən dəfə Rusiya telekanalında göstərdilər ki, təcili yardım avtomobilinə bilərəkdən maneə yaradırlar. Bizdə belə problem olmur".

100 manat cərimə!

© Photo : Facebook / asif.abdullayev.7Hüquq müdafiəçisi Asif Abdullayev
Hüquq müdafiəçisi Asif Abdullayev - Sputnik Azərbaycan
Hüquq müdafiəçisi Asif Abdullayev
Hüquq müdafiəçisi Asif Abdullayevin sözlərinə görə, "Yol hərəkəti haqqında qanun"un 151-4-cü maddəsində qeyd edilir ki, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə — 100 manat miqdarında cərimə edilir.

"Bununla yanaşı sürücü təcili tibbi yardıma ehtiyacı olan şəxsləri də daşımağa borcludur. "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sürücüsü təcili tibbi yardıma ehtiyacı olan şəxsi daşımağa borcludur. Həmin maddəyə əsasən, sürücü həmçinin zərurət yarandıqda avtomobilini təcili yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə təqdim etməlidir. Sürücünün tələbi ilə onun avtomobilindən istifadə müddəti, gedilmiş məsafə, nəqliyyat vasitəsindən istifadə etmiş şəxsin soyadı, vəzifəsi, xidməti vəsiqəsinin nömrəsi və işlədiyi müəssisənin adı göstərilən arayış təqdim edilməlidir. Avtomobilin həmin şəxsə təqdim edilməsi ilə bağlı yaranmış xərclər həmin orqan tərəfindən ödənilir" — ekspert bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 356.2.-ci maddəsinə əsasən, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa və ya eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitəsinin təqdim edilməməsinə görə sürücü 40 manat məbləğində cərimə edilir.

Xəbər lenti
0