BAKI, 8 fev — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkənin vahid torpaq fondundan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti daha da gücləndirilib, torpaq idarəçiliyi ilə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, "Komitə torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin keçirilməsini davam etdirir".
Məlumata əsasən, indiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.
"İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən indiyədək 1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir.
Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb" — məlumatda qeyd olunur.
Komitədən həmçinin bildiriblər ki, respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid elektron baza yaradılıb.
Eyni zamanda respublikada mövcud olan özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə də məlumat bankı yaradılıb.