BAKI, 8 fev — Sputnik. Fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri Jül Qabriel Vern 1828-ci il fevralın 8-də anadan olub.
Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilib), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.
Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə alıb. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.
O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.